Əsas Səhifə > Partiya, Güney Press > “Orduxan, Vidadi kimilərin demokratiyaya dəxli yoxdur, onların hərəkətləri qanun pozuntusudur”
“Orduxan, Vidadi kimilərin demokratiyaya dəxli yoxdur, onların hərəkətləri qanun pozuntusudur”31-08-2019, 08:51 |
Tez-tez belə fikirlər səslənir ki, Azərbaycan xalqı demokratiyaya hazır deyil, insanların siyasi şüuru o səviyyədə inkişaf etməyib, toplum doğru seçim edə bilmir və s. ilaxır Bu mövqeni dəstəkləyənlər əlavə edirlər ki, xalqa azadlıq verilərsə, daha pis seçimlər edəcək, demokratiyanı anarxiya ilə qarışdıracaq, marginalları vəzifələrə gətirəcək. Virtualda gedən diskussiyalarda xalqın demokratiyaya hazır olmadığını söyləyənlərin fikrincə, azadlıq veriləcəyi halda xalq söyüşcül mühacirləri, leksikonunda ana-bacı təhqiri olanları yuxarı başa gətirib çıxaracaq. Deputat, siyasi şərhçi Elman Nəsirovun “Yeni Müsavat”a bildirdiyinə görə, demokratiya ilə xalqına dönüklük etmiş adamlar arasında bağlılıq axtarmağın əleyhinədir. Onun sözlərinə görə, demokratiya ideal olmasa da, dünyada ondan yaxşısı kəşf olunmayıb: “Demokratiya bir prosesdir və burada son nöqtə yoxdur. Əgər kimsə demokratiyanın zirvəsində olduğunu söyləyirsə, deməli, tükənib. Dünya ölkələrində demokratiyası olan, daha az demokratiyası olan və qeyri-demokratik ölkələr var. Azərbaycan yaranış etibarı ilə demokratiya yolunu seçib. Təbii ki, bu demokratik inkişaf geosiyasi reallıqlara adekvat olaraq davam etdirilir. Bu nöqteyi-nəzərdən tərəfdarıyam ki, demokratiya qanunların diktaturasıdır. Qanunlar sərt işləməlidir və demokratiya xaos deyil. Ona görə Orduxan, Vidadi kimilərin demokratiyaya dəxli yoxdur, onların çıxışları, hərəkətləri qanun pozuntusudur. Bu adamlar davranışları ilə xalqı, ölkəni gözdən salmaq yolu seçiblər və son dövrlər xüsusi fəallaşıblar". Deputatın fikrincə, Ermənistanın silahlı qüvvələrinin təmas xəttində fəallaşması ilə “sapı özümüzdən” olanların fəallaşması arasında sinxronluq müşahidə olunur: “Bu adamları ermənipərəst qüvvələr dəstəkləyir. Onların məqsədi Azərbaycanda inkişafı, demokratiyanın tərəqqisini tormozlamaq, vətəndaş həmrəyliyini pozmaqdır. Bu halda Ermənistanın mövqeyi güclənmiş olur. Mən millət vəkili və Yeni Azərbaycan Partiyasının üzvü olaraq səslənirəm ki, ictimaiyyət, əsasən də gənclər həssas olmalı, bu məsələlər barədə vətəndaş mövqeyini ortaya qoymalıdırlar. İdeal insan olmur, hər kəsin səhvləri var, elə hərəkətlər var ki, bağışlanır. Amma vətənə xainlik heç bir ölkədə bağışlanmır. Bu ünsürlərə qarşı səfərbər olmalıyıq, “məndən keçdi, qonşuma dəydi” fikrindən uzaq durmalıyıq. Hörmətli Əli Əhmədovun son müraciəti də göstərir ki, YAP bu istiqamətdə avanqard rola malikdir və gənclik də fəallıq etməlidir". ADP sədri Sərdar Cəlaloğlu xalqın demokratiyaya hazır olmaması fikrini qüsurlu sayır. Onun sözlərinə görə, demokratiya xalqın hakimiyyəti deməkdir: “Əgər xalq varsa, demokratiya olmalıdır. Xalq yoxdursa, onda tayfadır. Bu fikir mahiyyət etibarı ilə yanlışdır. Əgər xalq səviyyəsindəyiksə, deməli, demokratiyaya hazırıq. Azərbaycan xalqı 10-cu əsrdən formalaşıb, 24 tayfadan ibarətdir, böyük mədəniyyətimiz formalaşıb, nəhəng Səfəvilər, Əfşarlar, Qacarlar imperiyaları yaratmışıq. İndi necə deyə bilərik ki, xalq demokratiyaya hazır deyil. Sadəcə, bunu deyənlər demokratikləşmənin qarşısını almaq üçün xalqın boynuna qoyurlar. Karl Yaspers deyirdi ki, alman xalqı demokratiyaya hazır deyil. Siz nə vaxt xalqa demokratiya verdiniz ki, hazır olmadı? Yolları aç, bax gör xalq demokratiya yolu ilə gedir, ya yox. Sadəcə, absurd fikir irəli sürürlər. Xalq min il qabaq demokratiyaya hazırdır. Biz tayfa sistemindən çıxmışıq. Nadir də şahlığa seçkiylə gəlib. Qacar qanunlarla dövləti idarə edib. Demokratiya qanunçuluğa əsaslanan cəmiyyətdir. Hətta Allah “dində məcburiyyət yoxdur” deməklə insana azadlıq verib". ADP sədri bildirdi ki, xalqla siyasi partiyalar arasında təmas aşağı düşüb: “Xalq liderləri illərlə görmür. Bu da istər-istəməz təmasları azaldıb. İndi biri çıxıb ana-bacı söyüşü deyə bilər, biri İsa Qəmbər və yaxud Sərdar Cəlaloğlu kimi mədəni danışa bilər. Sadəcə, bəzi xaricdə yaşayanlar uzaqdadılar deyə, ağızlarına gələni danışırlar. Sən xalqın zövqünü efirə meyxanaçı çıxarıb korlayanda, axmaq adamları telekanallara buraxıb mədəni danışan müxalifəti söydürəndə, artist milyonların qabağında mahnını söyüşlə oxuyanda bilməliydin ki, xaricdəkilər də söyəcəklər. Ancaq bunun qətiyyən əleyhinəyəm, söyüş gücsüzlük əlamətidir. Əslində həmin adamlar söyüşlə, lənətlə hökumətə xidmət edirlər. Bəzi adamların azadlıq istəməsi vəhşi, anarxiya azadlığıdır. İnsanlar anarxizmlə azadlığı başa düşmürlər. Rusiyada bir Elvin İsayev varıydı, söyürdü, tutub gətirdilər. Sən mübarizəni apar da, söyüşlə, təhqirlə iş olmaz axı. Vidadi kimi adamlar indi bir-birini söyür. Sabah öz doğmalarını, qohumlarını da söyəcəklər. Çünki başqa mübarizə metodu tanımırlar". “Yeni Müsavat” Geri qayıt |