Əsas Səhifə > Partiya, Güney Press > "Qərbin başı özünün problemlərinə qarışıb"

"Qərbin başı özünün problemlərinə qarışıb"


10-01-2017, 09:02
"Qərbin başı özünün problemlərinə qarışıb"
Bir neçə il öncəyədək Azərbaycan siyasətinə mühüm ciddi təsiri olan Qərb faktoru son zamanlar demək olar ki, aradan qalxmış, təsirini itirmiş kimi görünür. Müxalifət partiyaları, cəmiyyət 1990-cı illərin sonlarından başlayaraq, 2000-ci illərin axırınadək Qərbdən gələn hər bir bəyanata, açıqlamaya, səfərlərə həssaslıqla yanaşırdı. Demokratiyaya dəstək məsələsində Qərbə böyük ümidlər var idi. Əsasən də ABŞ-dan Azərbaycanda demokratiya ilə bağlı verilən ən adi bir bəyanata Azərbaycanın demokratik qüvvələri ümid işığı olaraq yanaşırdı.

Amerikada keçirilən prezident seçkiləri də böyük həvəslə izlənirdi. Okeanın o tayında fövqəldövlətdə hansı siyasi qüvvənin hakimiyyətə gələcəyi, kimin prezident seçiləcəyinə Azərbaycan müxalifəti o dərəcədə həssaslıqla yanaşırdı ki, sanki Azərbaycanın taleyi həll edilirdi. Bu diqqət ondan qaynaqlanırdı ki, müxalifət, nəhayət, ABŞ-ın, Qərbin Azərbaycanda demokratik proseslərə real ciddi dəstək verəcəyini gözləyirdi, buna ümid edirdi. Son illərdə müxalifətin okeanın o tayına ümidləri sanki yox olub. Belə təəssürat var ki, müxalifətdə və cəmiyyətdə artıq Qərb faktoruna inam, maraq qalmayıb.

Bu mövzuda söhbət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bir vaxtlar Qərb özü Azərbaycan cəmiyyəti, xüsusən müxalifəti ilə ciddi şəkildə maraqlanırdı, buna adekvat olaraq da cəmiyyət, müxalifət Qərblə maraqlanırdı. Son illərdə isə bu yoxdur: “İkincisi, son illərdə Qərbin başı özünün problemlərinə qarışıb. Avropa Birliyindən Böyük Britaniya çıxdı, Avropada ciddi siyasi, iqtisadi, mənəvi böhran var. Bunlar özü də artıq Qərbin əvvəlki funksiyasını-dünyada demokratiyanın avanqardı olmaq funksiyasını daşımasına imkan vermir. Yəni Qərb artıq demokratik dəyərlərə ikinci dərəcəli məsələ kimi baxır. Əvvəllər ABŞ ikinci dərəcəli məsələ kimi baxırdı, indi Avropa da ikinci dərəcəli məsələ kimi baxır.

ABŞ, Qərb Türkiyəyə nə dərəcədə üz çevirirsə, bir o qədər də Azərbaycan cəmiyyəti Qərbə, ABŞ-a üz çevirir. Türkiyə ilə Azərbaycan bir millət - iki dövlətdir. Dövlətimizin birinə, millətimizin bir hissəsinə Qərb düşmənçilik edirsə, digər bir hissəsi kimi biz buna seyrçi qala, Qərbə maraq göstərə, inam bəsləyə bilmərik.

Qərb heç Azərbaycan iqtidarına da əvvəlki kimi maraq göstərmir, Azərbaycan iqtidarı da Qərb faktoruna əvvəlki kimi maraq göstərmir. 2011-ci ildə Qərbin Azərbaycandakı maraqları neft amilinə görə pik həddəydi. Neft hasilatı azalmağa başlayandan sonra Qərb Azərbaycan iqtidarı ilə az maraqlanmağa başladı. Sonra İranla Qərbin münasibətləri normallaşdı və geopolitik olaraq da Azərbaycanın əhəmiyyəti azaldı. Qərbin diqqəti azaldıqca, hakimiyyətin də Qərb amilinə əhəmiyyət verməsi azaldı.

Son zamanlar Rusiyanın Suriyada üstünlük əldə etməsi həm də Qafqazda üstünlük əldə etməsinə dolayısı yolla gətirib çıxarır. Bu amil də Qərb faktorunu bölgədə azaldıb.
Yəni Qərb faktorunun Azərbaycan siyasətində öləziməsinin bir çox səbəbləri var".

ADP sədri vurğuladı ki, Qərb və ABŞ-ın bundan əvvəlki illərdə əldə etdiyi geopolitik üstünlüklər demək olar ki, əldən verilib. Ona görə də müxalifət başa düşür ki, boşuna ümid etməyə dəyməz, Qərb, beynəlxalq birlik qeyd olunan həmin ciddi problemlər, təhlükələr aradan qalxana qədər heç bir ölkədə demokratiyaya açıq və səmimi şəkildə dəstək verməyəcək, vermək imkanında deyil: “Məsələnin ikinci tərəfinə gəldikdə, bizim uzun illər apardığımız siyasət yalnız Qərbin mövqeyi ilə, ümidlərimizi yalnız Qərbə bağlamaqla bağlı deyildi. Bir tərəfdən, ölkədə müxalifət güclü idi, xalq xeyli dərəcədə təşkilatlanmışdı, digər tərəfdən, Qərbin özü də demokratiyaya bu və ya başqa şəkildə dəstək verməyə cəhd edirdi. Bu faktorların hamısı bir yerdə olanda belə təəssürat yaranırdı ki, müxalifətin yeganə ümid yeri Qərbdir. Bizim Qərbin bəyanatlarına, addımlarına illər öncə olduğu kimi, ciddi reaksiya verməməyimiz əlimizi Qərbdən üzməklə bağlı deyil. Səbəb odur ki, artıq müxalifət kifayət qədər zəif düşüb, elə Qərbin də dolayısı ilə iştirakı ilə müxalifət ölkədə sıxışdırılıb siyasi səhnədən az qala çıxarılıb”.

S.Cəlaloğlu dedi ki, müxalifət qüvvələr nisbətini ölçüb-biçir, geopolitik vəziyyətə, beynəlxalq konyukturaya baxır: “Görürük ki, boşuna ümidlənməyə dəyməz, Qərb hətta istəsə belə Azərbaycanda demokratiya qurulsun, indiki şərtlər daxilində ölkədə demokratikləşmə həyata keçirmək mümkün deyil. Əgər Azərbaycan müxalifəti əvvəlki gücünə qayıtmasa, itirdiyi mövqeləri yenidən bərpa eləməsə, indiki şərtlər altında Qərb də, hətta İlham Əliyev də istəsə, Azərbaycanda demokratiya olmayacaq. Demokratiyanı qurmaq üçün subyekt olmalıdır. Subyekt sıradan çıxarılıbsa, proses radikal dini müxalifətlə aparılacaq? Ən qəribəsi budur ki, Qərb demokratik müxalifətin güclənməsi üçün hələ heç bir ciddi addım atmır. Nəticədə Qərb faktoru Azərbaycan siyasətində aradan qalxır”.
\\musavat.com\\
Geri qayıt