Əsas Səhifə > Partiya, Güney Press > Nazirlər bu səbəbdən mətbuat konfransı keçirmir
Nazirlər bu səbəbdən mətbuat konfransı keçirmir29-12-2016, 08:53 |
Yeni Azərbaycan Partiyası (YAP) vaxtilə öz qərargahında nazirlərin, komitə sədrlərinin mətbuat konfranslarını təşkil edirdi. Jurnalistlər bu cür tədbirlərdə onları maraqlandıran sualların heç olmasa, bir hissəsinə cavab ala bilirdilər. Həmçinin ölkədə baş verən, aktual olan məsələlərə aidiyyəti şəxslərin, aidiyyəti qurumların birinci şəxslərinin mövqelərini ala bilirdilər. Uzun müddətdir ki, jurnalistlər üçün bu cür tədbirlər dayandırılıb. Artıq əksər nazirlər, komitə sədrləri hətta öz mətbuat xidmətləri səviyyəsində suallara cavab vermək həvəsində deyillər. YAP-ın qərargahında mətbuat konfranslarının keçirilməməsinin səbəbləri nədir? Hansısa tərəf bundan imtina edib, yoxsa başqa bir səbəb var? Bu cür mətbuat konfranslarının keçirilməsi ənənəsinin ləğvinin səbəblərini YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevdən soruşduq. YAP təmsilçisi bunun səbəblərini musavat.com-a açıqladı. Onun sözlərinə görə, ayrı-ayrı struktur rəhbərlərinin, komitə sədrlərinin, nazirlərin YAP-ın qərargahında mətbuat konfranslarının keçirilməsi ideyası elə YAP rəhbərliyi tərəfindən gəlmişdi: “Bu təşəbbüs aidiyyəti qurumların rəhbərləri tərəfindən çox müsbət də qarşılanmışdı. Bu təşəbbüs də reallaşdı və qarşıya qoyduğumuz məqsədə nail ola bildik. Qarşıya qoyduğumuz məqsəd ondan ibarət idi ki, medianın informasiyaya əlçatanlığı asanlaşsın. YAP bu təşəbbüsü irəli sürən ərəfədə Azərbaycanda informasiya vasitələrinin nümayəndələrinin rəhbər şəxslərə, strukturların birinci şəxslərinə çıxışları indiki qədər asan deyildi. Bir qədər informasiya qıtlığı yaşanırdı. Ona görə də YAP kütləvi informasiya vasitələrinin nümayəndələri ilə rəhbər şəxslər arasında bir növ vasitəçi missiyasını üzərinə götürdü. Qarşıya qoyduğu məqsədə də nail ola bildi. Biz hesab etdik ki, artıq kütləvi informasiya vasitələrinin nümayəndələri ilə müxtəlif strukturların birinci şəxsləri arasında bu əlaqəni qura bilmişik. KİV-lərin bu şəxslərə çıxışını təmin edə bilmişik. Bu informasiya qıtlığını aradan qaldıra bilmişik. Ona görə də artıq bu cür mətbuat konfranslarının keçirilməsinə lüzum yoxdur”. H.Paşayevin sözlərinə görə, indi də bu təşəbbüs fərqli formada davam etdirilir: “Ondan sonra biz YAP-ın rəsmi saytında bunları müsahibə şəklində davam etdirməyə başladıq. Yəni artıq onların mətbuat konfransları yox, mütəmadi olaraq, həmçinin operativ qaydada onların rəsmi saytda müsahibələri yayımlanır. Cəmiyyəti, KİV-ləri maraqlandıran suallarla müsahibələr təşkil edilir və oxucuların, vətəndaşların ixtiyarına təqdim edilir. Mətbuat konfranslarından hər hansı tərəfin imtinasından söhbət getmir”. \\musavat.com\\ Geri qayıt |