Qulamhüseyn Əlibəyli bundan sonra hansı işlə məşğul olacaq? - "BDU-da müəllim kimi..."
Tarix: 25-04-2023, 11:20 |
Çap et
"Heç bir siyası partiyanın üzvü olmayacağam”.
DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamsında fəaliyyətini dayandırmış Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində müəllim kimi davam etdirəcək:
"Eyni zamanda ölkənin siyasi həyatından da kənarda qalmaq fikirində deyiləm. Ölkədə baş verən siyasi proseslərə münasibət bildirəcəyəm”.
Qeyd edək ki, Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Ali Soveti Aparatında əvvəlcə konstitusiya hüquq məsələləri bölməsinin, sonra isə dövlət quruculuğu şöbəsinin müdiri vəzifəsində çalışıb. 1992-ci ilin noyabr ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan Prezidentinin (Əbülfəz Elçibəy) parlamentlə əlaqələr üzrə müşaviri olub. 1995-ci il noyabrın 12-də I çağırış Milli Məclisin deputatı seçilib. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində yenidən qalib gəlib.
Qulamhüseyn Əlibəyli 2008-ci ildə baş tutan prezident seçkilərində mübarizə aparıb. Nəticədə 81 120 səslə (2.20 %) 7 namizəd sırasında 5-ci pillədə qərarlaşıb.
O, 2008-ci il noyabrın 14-də Aydınlar Partiyasını qurduğunu elan edib. Aydınlar Partiyası 2009-cu il noyabrın 20-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra - 22 aprel 2023-cü il tarixində Aydınlar Partiyası növbədənkənar qurultay keçirib, qurultayda partiyanın fəaliyyətinə xitam verib.