Dövlət başçısının belə bir çıxış etməsi çox mühümdür - deputat
Tarix: 14-12-2017, 08:31 |
Çap et
Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi olduğu halda, Amerika Birləşmiş Ştatları ilə münasibətləri normal olduğu təqdirdə Prezident İlham Əliyevin İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında çıxışı çox cəsarətli bir addımdır.
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bu çıxışında ABŞ Prezidentinin BMT-nin qərarlarına zidd addım atdığını bildirib:
"Cənab Prezident çıxışında ABŞ Prezidentinin bu addımının BMT qətnamələrinə zidd olduğunu xüsusi qeyd etdi. Dövlət başçısının belə bir çıxış etməsi çox mühümdür. Bu, Azərbaycanın artıq Yaxın Şərqdə nüfuzunun bir göstəricisidir".
T.Kərimli bildirib ki, prosesdə ən əsas məsələ Azərbaycanın artıq beynəlxalq məsələlərdə müzakirələrə dəvət edilməsi və Prezident İlham Əliyevin münasibətinin önəmli sayılmasıdır: "Bu prosesdə Türkiyənin rolunu daha çox qiymətləndirmək lazımdır. Bundan əvvəl, "D-20" formatında görüşə Prezident İlham Əliyevin xüsusi qonaq kimi çağırılması, dünyanın 20 iqtisadi gücünün müzakirəsinə məhz Azərbaycanın çağırılması böyük hadisədir. Azərbaycan kiçik ölkə olsa da, bu cür beynəlxalq tədbirlərə dəvət olunması və söz sahiblərindən biri olması bizim üçün böyük uğurdur".