Donald Tramp məktublarında iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir - deputat
Tarix: 2-06-2017, 08:35 |
Çap et
ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir.
Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Ağ Ev rəhbərinin mesajlarından məlum olur ki, ABŞ prezidenti Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı hesab edir və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsini arzu edir: "Bu məktublar Azərbaycan Prezidentinə olan diqqət və dəyərin təzahürüdür. Bu onu göstərir ki, Azərbaycanla ABŞ arasında bütün istiqamətlərdə münasibətlər günü-gündən daha da genişlənir. Bu, həmçinin Azərbaycanın dünya siyasətində əldə etdiyi uğurlardan xəbər verir".
Deputat qeyd edib ki, Donald Trampın məktubları Azərbaycan Prezidentinin uzun illər apardığı siyasətin nəticəsidir: "ABŞ-ın Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləməsi, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasına maraq göstərməsi bizim nailiyyətimizdir".