Salam Sarvan YAP-a üzv olmaq istəyir - “Tövbə heç vaxt gec deyil”
Tarix: 12-08-2016, 10:28 |
Çap et
İki gün əvvəl 50 illik yubileyini qeyd edən yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Salam Sarvan gözlənilməz açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə siyasətə qoşulmaq istədiyini yazan etirazçı şair YAP-ın daxili siyasətini alternativsiz hesab etdiyini deyib:
“Nəhayət, siyasətə qoşulmaq istəyirəm. Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım, həmin partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Yaxın günlərdə ərizəylə müraciət edəcəyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec deyil”.
Şair “Qafqazinfo”ya açıqlamasında YAP sıralarına qoşulmaq istəyini belə izah edib:
“Mən bu cəmiyyətin sifətini yaxşı gördüm. YAP-ın siyasəti haqda nə qədər tənqidi yazı yazmışam, bircə dəfə də gözün üstə qaşın var deməyib mənə. Amma bu cəmiyyət yanlış anladığı bir cümləmə görə az qala asacaqdı məni. Mən özümü bu cəmiyyətdən qorumalıyam”.