"Ermənistandakı aksiyalara dövlət daxilində olan qurum dəstək verir" - Zərdüşt Əlizadə
Tarix: 28-07-2016, 16:38 |
Çap et
Xəbər verdiyimiz kimi, 17 iyul tarixində bir qrup silahlı şəxs İrəvanda Post Patrul Xidməti alayının binasını ələ keçirib və girovlar götürüb.
Bundan sonra İrəvanın müxtəlif yerlərində kütləvi aksiyalar başlayıb. Dinc sakinlər silahlı qruplaşma ilə həmrəyliyini bildirir.
Politoloq Zərdüşt Əlizadə hafta.az-a açıqlamasında baş verənləri şərh edib:
“Ermənistanda aksiya keçirənlər qatı millətçilərdir. Onlar elə bilirlər ki, Qarabağ döyüşlərində iştirak etdiklərinə görə, bu şəxslərə hər yerdə yaşıl işıq olmalıdır. Bu insanlar Qarabağ məsələsində sülh tərəfdarı olmayan şəxslərdir. Onların tələbi odur ki, Qarabağ Ermənistana birləşdirilsin, Azərbaycanla isə heç bir danışıq aparılmasın. İstisna edilmir ki, dövlət daxilində olan hansısa qurum bu aksiyaya dəstək verir. Onlar süni formada erməni cəmiyyətinin mövqeyini bu aksiyalarda göstərmək istəyirlər. Amma Ermənistanın ictimai rəyi ilə heç kim hesablaşmır. Erməni ictimaiyyəti heç zaman nəyisə həll edə bilməyib. Onlar kimlərinsə əlində alət olublar”.
Politoloqun sözlərinə görə, Ermənistan müxalifəti də iqtidarın diqtəsi ilə hərəkət edir:
“Ermənistan müxalifəti iqtidarın ssenarisi ilə hərəkət edir. Onlar iqtidardan aldıqları təlimatlarla addımlar atır. İqtidarın problemləri olanda, Rusiyaya hər hansı bir mesaj vermək istəyəndə müxalifət kartında istifadə etməyə başlayır”.