QAZAXDA ÜSYAN PLANI HAZIRLANIR
Tarix: 11-05-2012, 14:27 |
Çap et
YERLİ İCRA STRUKTURLARI SAKİNLƏRƏ VƏ SAHİBKARLARA DİVAN TUTUR
DİA.AZ: - Daha bir rayonda Quba hadisələri təkrarlana bilər. Bu barədə rayondakı qaynaqlardan əldə etdiyimiz məlumatlarda bildirilir ki, yerli icra struturlarında cərəyan edə özbaşınalıqlardan cana doyan Qazax rayonunun camaatı «Məmur özbaşınalıqlarına son» şüarı ilə etiraz aksiyası keçirməyə hazırlaşır.
DİA.AZ-a bir qrup Qazax sakininin və iş adamlarının adından daxil olan müraciətdə qeyd olunur ki, icra nümayəndəsi Rövşən Nəbiyev rayonda əməlli-başlı at oynadır və bütün əməllərini də icra başçısının adı ilə bağlayır.
Sahibkarların müraciətində deyilir: «Sahibkarlara hər addımda problemlər yaradılır. Rövşən Nəbiyev qarşısına çıxan hər kəsdən açıq-aşkar rüşvət tələb edir. Hər çayxanada stol başına görə qanunsuz rüsum yığılır. Hər halda, gün ərzində bir masaya görə alınan 4-5 manat pulla Rövşən Nəbiyevin gəliri ağlasığmaz həddə çatır».
Bundan əlavə, müraciətdə bildirilir ki, Rövşən Nəbiyev uşaq bağçalarının müdirləri ilə ortaq şəkildə hərəkət edərək sözügedən müəssisələrə ayrılan ərzağın da satışını təşkil edir: «Rövşən Nəbiyev büün bu haqsızlıqlarını isə Milli Qəhrəman adı altında ört-basdır edir və hamıya bildirir ki, kimsə ona söz deyə bilməz».
Narazı sakinlər onu da bildirirlər ki, bütün bu işlərin - özbaşınalıqların arxasında birbaşa olaraq yerli icra strukturları dayandığından məhz icra hakimiyyətinin qarşısında «məmur özbaşınalıqlarına son» şüarı ilə aksiya keçirmək niyyətindədirlər.