TELEAPARICI DƏLƏDUZLUQDA İTTİHAM OLUNDU
Tarix: 30-04-2012, 15:37 |
Çap et
GÜNEL MƏRDAN 2000 MANATINI TƏLƏB EDİR
Populyar «Eldən elə» telelayihəsinin aparıcısı Azər İsmayılov dələduzluqla 2000 manatı mənimsəməkdə ittiham olunur.
Milli.Az-ın məlumatına görə, bunu Day.Az saytına müraciət etmiş Günel Mərdan bildirib: «Azər iki dəfə kommersiya əsasları ilə verilişində yayımlaması üçün mənim xaricdə çəkilişlərimi təşkil edib. O, üçüncü dəfə də məndən pul götürsə də, nə səfər, nə də çəkiliş oldu. 2000 manatım isə hələ də geri qaytarılmayıb. O, hər dəfə mənə yalan vədlər verir. Hətta pulumun ayda 200-300 manat şəklində qaytarılmasını təklif etsəm də, buna da rədd cavabı, daha doğrusu yenə də yalan vədlər almışam. Artıq baş verənlərlə bağlı Nəsimi rayon Polis İdarəsinin 18-ci polis bölməsinə müraciət etmişəm. Bundan sonra Azər mənə bir qəpik də ödəməyəcəyini bəyan edib».
Teleaparıcının ona ünvanlanmış ittihamlara münasibətisə belə olub: «Bəli, bu qızı iki dəfə verilişə çəkmişəm. Halbuki çoxları mənə bunu etməməyi məsləhət görürdü. Lakin sonra səfər necəsə baş tutmadı və mən də onunla birlikdə ziyana düşdüm. Bir müddət sonra xaricə gedə bilərdik, amma bu dəfə Günel səfərdən imtina etdi. Bütün bunlarla yanaşı, xərclərini ödəyəcəyimə söz vermişdim. Belə səs-küy salmasının səbəbini bilmirəm. Mənə də çoxlarının borcu var. Amma mən heç kimdən şikayət etmirəm».