OQTAY GÜLALIYEVİN ARDINCA SABİRABADA…
Tarix: 12-04-2012, 12:20 |
Çap et
BİR QRUP JURNALİST YOLA ÇIXIB
Bir qrup hüquq müdafiəçisi və redaktor Sabirabad rayonuna yollanıb.
Məqsəd bir neçə gün əvvəl rayonda həbs edilən «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Koordinatoru Oqtay Gülalıyevlə görüşməkdir. Bu barədə AzadlıqRadiosuna Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva məlumat verib.
«Biz çalışacağıq rayon polis idarəsinin təcridxanasında saxlanılan Oqtay Gülalıyevlə görüşək, vəziyyəti ilə maraqlanaq. Bundan başqa onun həbs olunduğu Minbaşı kəndinin sakinləri ilə də görüşmək istəyirik. Onların da problemlərini dinləmək istəyirik».
«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Koordinatoru Oqtay Gülalıyev Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin şikayəti əsasında aprelin 8-də saxlanılıb. Bələdiyyə sədri Oqtay Gülalıyev tərəfindən təhqir olunduğunu iddia edib.
Aprelin 9-da Sabirabad rayon məhkəməsinin qərarı ilə ona 12 sutka inzibati həbs cəzası verilib. Hazırda o, Sabirabad rayon polis idarəsinin müvəqqəti saxlanma təcridxanasındadır.
Saxlanılan gün Minbaşı kəndində monitorinq aparan Oqtay Gülalıyevin özü isə heç kimi təhqir etmədiyini, əksinə bir neçə kənd sakini ilə görüşən vaxtı bələdiyyə sədri və icra nümayəndəsinin onu təhqir etdiyini bildirir.
Minbaşı kəndinin sakinləri 2010-cu ildə baş vermiş daşqından sonra kompensasiyaların ədalətli paylanmamasına etiraz edirlər.
“Azadlıq” Radiosu