"Mağazalara olan borcumu ödəyə bilməsəm, acından öləcəyik" - NARAZILIQ!
Tarix: 29-04-2021, 09:17 |
Çap et
Cəlilabad rayon sakini, 60 yaşlı İbadət Qulam oğlu Ağaşov Qarabağ müharibəsində könüllü döyüşmək istəyib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə müraciət edib və Beyləqandakı hərbi hissələrin birinə göndərilib.
İbarət Ağaşov Meydan TV-yə deyib ki, bir həftə sonra yaşının çoxluğu ilə əlaqədar geri qaytarılıb, ona məxsus «Kamaz» markalı avtomobili isə cəbhə bölgəsinə göndərilib.
Onun sözlərinə görə, avtomobilini 7 aydır geri qaytarmırlar, yaxud maşına görə dəymiş zərər ödənilmir: «Qarabağ müharibəsinə könüllü yardım təklif etmişəm. Ancaq «Kamaz» mənim yeganə dolanışıq yerim idi. Bu yaşımda gedib fəhləlik edə bilmirəm, yaşımın çoxluğundan işə də qəbul etmirlər».
İbadət Ağaşov söyləyir ki, 7 nəfərlik ailədə heç kim işləmir, mağazalara xeyli borcu yaranıb:
«Əlacsız vəziyyətdəyəm, artıq mağazalar nisyə ərzaq da vermək istəmirlər. Hərbi Komissarlıqdan maşının Cəbrayıl rayon ərazisində yandığını deyirlər. Bu neçə ayda müraciət etmədiyim qurum qalmayıb. Ancaq heç kim köməklik etmək istəmir. Mağazalara olan borcumu ödəyə bilməsəm, acından öləcəyik».
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən Meydan TV-yə deyiblər ki, məsələyə münasibət bildirmək səlahiyyətində deyillər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən isə sualı cavablandırmayıblar.