ƏLİ HƏSƏNOV CASUS MƏSƏLƏSİNDƏN DANIŞDI
Tarix: 2-04-2012, 12:00 |
Çap et
“AZƏRBAYCANIN KİMSƏNİN YARDIMINA EHTİYACI YOXDUR”
Rəsmi Bakı "Eurovision" mahnı yarışmasında təhlükəsizliyin İsrailin kəşfiyyat orqanı olan MOSSAD tərəfindən qorunacağı barədə bəzi xarici KİV-lərdə gedən məlumatı həqiqətəuyğun saymır.
"Azərbaycanın hər hansı ölkənin, o cümlədən də İsrailin xüsusi xidmət orqanlarının köməyinə ehtiyacı yoxdur. "Eurovision" müsabiqəsi zamanı təhlükəsizliyi Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanları qoruyacaq", - bunu bazar ertəsi Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Həsənov bildirib ki, "Eurovision" müsabiqəsi zamanı təhlükəsizliyin qorunması üçün Azərbaycanın hər cür imkanı var.
"Azərbaycanın özünün çox güclü, hər cür imkana malik olan xüsusi xidmət orqanları var. MOSSAD-ın isə Azərbaycanda hər hansı gizli bölümü, xüsusi qrupu yoxdur. Bizim bütün əlaqələrimiz, əməkdaşlıq etdiyimiz ölkələrlə qarşılıqlı münasibətlərimiz şəffafdır və bu münasibətlər qonşu dövlətlərə, xüsusilə də İrana qarşı yönəlməyib, bundan sonra da yönəlməyəcək", - Həsənov əlavə edib.