BƏYLƏR ƏYYUBOVUN ADI MASALLI OLAYINDA
Tarix: 29-03-2012, 14:02 |
Çap et
RAYONUN İCRA BAŞÇISI PREZİDENTİN MÜHAFİZƏSİNDƏN ŞİKAYƏT EDİB
DİA.AZ: - Məlum olduğu kimi, Masallıda bir qrup ziyalı aclıq aksiyası keçirir və qoyulan tələb rayonda böyük narazılıq yaratmış icra başçısı Qəzənfər Ağayevin istefaya göndərilməsidir.
Onu da bildirək ki, icra başçısının adamları mətbuata davamlı olaraq məlumatlar ötürürlər ki, baş verənlərin arxasında dayanan qüvvələr var və həmin təşkilatçılardan biri də hazırda Daşkəsən rayonuna rəhbərlik edən keçmiş millət vəkili Əhəd Abıyevdir. Yəni bütün bu aksiyanın təşkilatçılığı Daşkəsənin icra başçısının ayağına yazılır, əsas kimi də Qəzənfər Ağayevlə Əhəd Abıyevin münasibətlərinin gərgin olması göstərilir.
Redaksiyamızın əldə etdiyi məlumatlardan aydın olur ki, artıq icra başçısı rayonda baş verənlərlə bağlı «yuxarıya» hesabat verib: «Maraqlıdır ki, Qəzənfər Ağayev Masallıda hazırlanan üsyan planının arxasında Əhəd Abıyevlə yanaşı, xüsusi dövlət mühafizə xidməti idarəsinin rəis müavini Bəylər Əyyubovun da adını çəkib».
Mənbəmiz bildirir ki, Bəylər Əyyubov həqiqətən də Əhəd Abıyevin əsas himayədarıdır və son parlament seçkilərində «vurulduqdan» sonra onun Daşkəsənə başçı göndərilməsində də Bəylər Əyyubov yetərincə ciddi rol oynayıb. İndi isə aydın olur ki, Əhəd Abıyevi qarışıqlıq yaratmaqda ittiham edən tərəf eyni şəkildə Bəylər Əyyubovun da bu işdə maraqlı olduğunu iddia edir.