Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... - İNCƏLƏMƏ
Tarix: 24-10-2024, 08:33 |
Çap et
Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını böyük ehtimalla PKK törədib. Maraqlıdır ki, bundan bir gün əvvəl MHP lideri Dövlət Baxçalı qrup tolantısındakı çıxışında PKK lideri Abullah Öcalanın əfvinə işarə edən nitq söyləmişdi. Türkiyə hakimiyyəti PKK-çıların tərksilah olunması qarşılığında 25 il həbsdə yatan 75 yaşlı Öcalanın sərbəst buraxılmasını istisna etmir. Ancaq bugünkü terror aksiyasi məsələnin bu qədər sadə həll olunmayacağını göstərir. PKK-nın içində fərqli qüvvələr heç də tərksilah olunmaq marağında deyillər. PKK-nın Kandil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Abdullah Öcalanın “silahı yerə qoyun” əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: “Abdullah Öcalan Türkiyə hökumətinin girovluğu altındadır”. Cəmil Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu PKK-nın həmin razılığa uyğun olaraq tərksilaha əməl edəcəyi anlamına gəlməyəcək.
Türkiyədə son terror hadisəsini xarici qüvvələrlə əlaqələndirənlər də var və bu zaman Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın BRİCS toplantısında iştirak etmək məqsəsilə Kazan şəhərinə səfərinə işarə ediblər. Ankarada terror hadisəsi baş verərkən Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşırdı. Yəni Türkiyədəki bəzi siyasi və ekspert dairələrinin fikrincə, Qərbdə (oxu: ABŞ-da) Türkiyənin BRİCS-ə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkiatına üzvlük istəyindən narahatlıq keçən qüvvələr var və bu qüvvələr PKK-çılar son terror aksiyasi vasitəsilə Ərdoğana xəbərdarlıq mesajı göndəriblər.
Elxan Şahinoğlu - "DİA-AZ"