Hakim partiya bələdiyyə seçkilərində önə çıxır
Tarix: 16-10-2017, 09:01 |
Çap et
Makedoniyada hakim Sosial Demokratlar (SDSM) oktyabrın 15-də keçirilən bələdiyyə seçkilərində qalib gəldiklərini bildirir. Bu partiya ölkənin NATO və Avropa Birliyi üzvlüyünə çalışır.
Baş nazir Zoran Zaev-in SDSM partiyası oktyabrın 16-da bildirib ki, səsvermənin birinci raundunda ölkədəki 81 bələdiyyədən 40-dan çoxunda qalib gəlib. Partiya bunu «demokratiyanın qələbəsi» adlandırıb, paytaxt Skopyedə tərəfdarları şənliklər keçirib.
«Səsvermə azad, dinc, təzyiqsiz keçəndə Makedoniya belə görünür», – Zaev tədbirlərdə deyib.
Elə ilkin nəticələr də SDSM-in iddialarını təsdiqləyib. 3 min 480 seçki məntəqəsinin 30 faizindən gələn nəticələrə görə, SDSM koalisiyası 44 bələdiyyədə önə çıxıb. Buraya Skopye bələdiyyəsi də daxildir.
Müxalifətin millətçi VMRO-DPMNE partiyası isə 13 bələdiyyədə liderlik edir.
Yekun nəticələr oktyabrın 16-da açıqlanacaq, seçkinin ikinci raundu oktyabrın 29-da olacaq.