Kataloniyanın müstəqillik tarixi bəlli oldu
Tarix: 9-10-2017, 09:53 |
Çap et
İspaniyanın şərqində yerləşən Kataloniya Muxtar Vilayətinin müstəqil olacağı tarix bəlli olub.
Publika.az xəbər verir ki, hökumət rəhbəri Çarlz Puqdemont təktərəfli müstəqillik elanından geri addım atmayacaqlarını və 10 oktyabr tarixində rəsmən müstəqillik elan edəcəklərini bildirib.
İspaniya Konsitutsiya Məhkəməsi tərəfindən ləğv edilən müstəqillik referendumuna istinad edən Ç.Puqdemont “referendumun nəticələri müsbət çıxarsa, nəticələr açıqlandıqdan 48 sonra müstəqillik elan ediləcək” maddəsini həyata keçirəcəklərini demişdi.
Kataloniya rəhbəri İspaniya hökuməti ilə olan münasibətlərinə də aydınlıq gətirib:
“Bu vaxta qədər heç bir müstəvidə dialoq qura bilmədik. Çünki onlar bu mövzunu (müstəqilliyi) müzakirə etmək istəmirlər. Xoşlarına getsə də, getməsə də, Kataloniyada baş verənlər realdır. Milyonlarla insan referendumda səs verdi. Bu insanlar gələcəklərinə dair qərar vermək istəyirlər. İspaniya hökuməti başqa nə deyəcəyimizi zənn edir? Hamımız səmimi olmalı və Kataloniya haqqında danışmalıyıq”.
Qeyd edək ki, Kataloniya Milli Assambleyası (ANC) 10 oktyabr tarixində Kataloniyanın müstəqilliyinin rəsmən elan ediləcəyini təsdiq edib.