Dövlət Departamenti İraqın kürd muxtariyyətində referenduma qarşı çıxış edib
Tarix: 27-09-2017, 08:07 |
Çap et
ABŞ İraqın kürd muxtariyyətində müstəqillik referendumunu dəstəkləmir, Vaşinqton İraqın bütöv və demokratik olmasının tərəfdarıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
Onun sözlərinə görə, dövlət katibi Reks Tillerson hər iki tərəfin nümayəndələri ilə danışıqlar aparıb.
“Biz dərin narahatlığımızı ifadə etdik. Biz bunu birtərəfli referendum hesab edirik. Düşünmürəm ki, İŞİD-ə qarşı beynəlxalq koalisiyaya üzv olan dövlətlər onu dəstəkləyib. ABŞ bütöv, demokratik İraqı dəstəkləyir”, - deyə Xezer Nauert bildirib.
Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermənin yekun nəticələri bu gün elan ediləcək.
İraq hökuməti referendumu qeyri-legitim elan edib. Referenduma qarşı həmçinin Türkiyə, İran, ABŞ və BMT çıxış edib.
Bundan əvvəl İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki hava limanları və sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib.