Fransa deputatları ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə artırılması təklifini dəstəkləyiblər
Tarix: 14-12-2016, 07:58 |
Çap et
Fransa parlamentinin deputatları ölkədə fövqəladə vəziyyət rejiminin beşinci dəfə, 15 iyul 2017-ci ilə qədər uzadılması barədə təşəbbüsü dəstəkləyiblər.
"Report" "RTL"-ə istinadən xəbər verir ki, bununla da ölkədə prezident və parlament seçkiləri fövqəladə vəziyyət rejiminin mövcudluğu şəraitində keçiriləcək.
Təklif hökumətin sorğusu üzrə respublikanın Milli Məclisində səsverməyə çıxarılıb. Məclisin 288 deputatı onun lehinə, 32 üzvü isə əleyhinə səs verib.
Qeyd edilir ki, təşəbbüsün əleyhinə "Sol cəbhə"nin, ekoloqlar partiyasının və "Respublikaçılar"ın nümayəndələri səs veriblər.
Əgər ölkə Senatı təşəbbüsü bəyənsə, onda Fransada fasiləsiz fövqəladə vəziyyətin ən uzun – 20 aylıq müddəti qüvvədə olacaq.
Xatırladaq ki, bu ölkədə fövqəladə vəziyyət rejimi 2015-ci ilin 13 noyabrında, Parisdə baş vermiş terror aktlarından sonra prezident Fransua Ollandın təklifi ilə Nazirlər Kabinetinin qərarı ilə tətbiq edilib.