Hillari Klinton Donald Trampı iki milyon səs qabaqlayır
Tarix: 24-11-2016, 09:28 |
Çap et
ABŞ-da keçirilmiş prezident seçkilərində məğlub olmasına baxmayaraq, Hillari Klinton ümumi səs sayında Donald Trampla aradakı fərqi artırıb. Hesablanmış səslərin nəticəsinə əsasən, H.Klinton ölkənin yeni prezidenti seçilmiş D.Trampı artıq 2 milyon səs qabaqlayır.
"Report" "Cook Political Report"a istinadən xəbər verir ki, noyabrın 23-nə olan məlumata görə, prezident seçkilərində seçicilərin 62,2 milyonu D.Trampa, 64,2 milyonu isə H.Klintona səs verib.
Qeyd edək ki, noyabr ayının 8-də keçirilən seçkilər üzrə səslərin sayının hesablanması prosesi hələ davam edir.
Xatırladaq ki, prezident seçkilərində Respublikaçılar Partiyasının namizəd Donald Tramp qalib gəlib. O, seçicilər kollegiyasının üzvlərinin daha çox səsini qazanıb. D.Trampın andiçmə mərasimi yanvar ayında keçiriləcək.
Onu da əlavə etmək lazımdır ki, bu, ABŞ tarixində bütün ölkədə ümumilikdə daha çox səs alan namizədin prezident seçkilərində məğlub olduğu beşinci haldır.