“2 üsyançı qrup qara siyahıya salınsın”
Tarix: 28-04-2016, 08:32 |
Çap et
Rusiya BMT-nin Təhlükəsizlik Şurasında təklif edib ki, Suriyanın Jaish Al-Islam və Ahrar Al-Sham üsyançı qrupları İslam Dövləti və Al-Qaeda terrorçu qruplaşmaları ilə əlaqələrinə görə qara siyahıya salınsınlar. Rusiya bu təklifi Şuranın İslam Dövləti və Al-Qaeda sanksiyaları komitəsinə verib. Komitənin 15 üzvü buna qarşı çıxmasa, təklif mayın 11-də qüvvəyə minəcək.
Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin deyib ki, bu qruplaşmaların terrorçu qruplarla sıx əlaqədə olmasına dair informasiya var.
Vaşinqtonun BMT-dəki missiyası isə xəbərdarlıq edib ki, iki qrupun qara siyahıya salınması Suriyada atəşkəs cəhdlərinə zərbə vurar.
BMT-nin bir diplomatı Reuters agentliyinə bildirib ki, Rusiyanın addımında məqsəd “müxalifəti parçalamaq”, BMT-nin vasitəçilik etdiyi sülh danışıqlarında müxalifətin mövqeyini zəiflətməkdir.