İSPANİYADA NÜMAYİŞLƏR BAŞLAYIB
Tarix: 20-02-2012, 12:25 |
Çap et
TƏKCƏ PAYTAXT MADRİDDƏ YARIM MİLYONA YAXIN SAKİN ETİRAZ EDİB
Ötən gün İspanıyanın bir çox şəhərlərində Əmək Məcəlləsindəki dəyişikliklərə etiraz olaraq kütləvi nümayişlər və etiraz aksiyaları keçirilib. Həmkarlar İttifaqının çağırışı ilə Madrid küçələrinə yarım milyona yaxın insan çıxdığı bildirilir. Etirazçılar yaşlı kadrların ixtisarı ilə müşahidə olunacaq yeni islahatlar əleyhinə müxtəlif şüarlar səsləndirib. Kütləvi nümayişlər ölkənin 57 şəhərində baş tutub. Təkcə Barselonada 400 min, Valensiyada isə 150 min etirazçının küçələrdə dinc yürüş keçirdiyi bildirilir.
Bu, noyabr ayında hakimiyyət başına gəlmiş mühafizəkar əleyhinə ilk belə kütləvi etiraz aksiyası hesab olunur. Mariano Raxoyun hökuməti tərəfindən qəbul edilmiş islahatlarda, işdən çıxarılma prosesinin sadələşdirilməsi, sınaq müddətinin artırılması, o cümlədən işsizlik müavinətlərinin ixtisarı kimi ölçülər yer alır. Yeni baş nazir bu kimi tədbirlərin ölkəni maliyyə böhranından çıxması üçün vacib olduğunu bildirir. Yaşlı nəsil dövlət qulluqçuları isə yeni islahatlar nəticəsində, təcrübəli kadların işdən qovularaq, yerlərinin gənclərlə doldurulması və üstəlik onlara 2 qat maaş verilməsi ilə razılaşa bilmir.
Qeyd edək ki, hazırda İspaniyada işsizlik səviyyəsi 23 faizlə qiymətləndirilir. Gənclər arasında isə bu göstərici 50 faizə yaxındır.