ƏVƏZ ZEYNALLIYA TƏZYİQLƏR VAR
Tarix: 1-02-2012, 15:31 |
Çap et
BAŞ REDAKTORA QƏZETLƏRİ OXUMAQ QADAĞAN EDİLDİ
DİA.AZ: - Hazırda qanunsuz olaraq həbsdə saxlanılan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı təzyiqlər güclənib. Bu barədə məlumat redaksiyamıza məlumatlı dairələrdən daxil olub.
«Dünya» İnformasiya Agentliyi redaksiyasının (dia-az.site) əldə etdiyi bilgilərə görə, son günlər Əvəz Zeynallının müdafiəsi ilə bağlı görülən işlərə adekvat olaraq rəsmi dairələr də öz cavablarını sərgiləyiblər:
«Məlumdur ki, Əvəz Zeynallı ilə bağlı bir sıra beynəlxalq qurumlar rəsmi Bakıya təzyiqlər etməkdədirlər və «Xural»ın baş redaktorunun həbsi hakimiyyət üçün əməlli-başlı başağrısına çevrilib. Sonuncu dəfə isə onun həbsinin sırf olaraq siyasi xarakter daşıdığı haqda beynəlxalq rəyin formalaşdığı məlum oldu. Bu isə iqtidardakı bəzi qüvvələrin marağında deyil».
Mənbəmiz bildirir ki, Əvəz Zeynallının gündəlik qəzetlərlə tanış olması əngəllənir: «Ona qarşı təzyiqlər artırılıb. Sanki bu yolla baş redaktordan qisas almış kimi davranırlar».