MİKAYIL CABBAROV MİSİR MƏRDANOVUN DÖVRÜNƏ QAYIDIR?
Tarix: 8-11-2013, 12:11 |
Çap et
Artıq orta məktəblərdə “fond pulu” ləğv olunub.
Hətta Misir Mərdanovu təhsil naziri postunda əvəzləyən Mikayıl Cabbarov bu məsələdə öz sərt mövqeyini də ortaya qoymuşdu. Amma indi məktəb direktorları “fond pulu” yığmağın yeni üsulunu tapıblar. Bütün sinif rəhbərlərinə tapşırıblar ki, siniflərindəki uşaqların valideynlərinə Təhsil Nazirliyinə ünvanlanmış məktuba qol çəkdirsinlər. Nazirliyə ünvanlanan məktubda yazılır ki, “Biz valideynlər məktəbin təhlükəsizlik xidmətinin saxlanılması, eləcə də sinif otaqlarını yığışdıran xadimələrə əlavə əmək haqqı ödənişləri üçün məktəbdə fondun yaradılmasını xahiş edirik. Fond valideynlər tərəfindən maliyyələşdiriləcək”. İllik fond pulu 20 manat təşkil edir. Fond pulu adətən paytaxtın mərkəzdən uzaq rayonlarında yığılır.
“Qafqazinfo”ya müraciət edən Suraxanı rayon sakini deyir ki, onun iki övladı Suraxanı rayonunda yerləşən N.Rəfiyev adına 104 saylı məktəbdə oxuyur. Həftənin əvvəlində uşaqlarının sinif rəhbərləri onu məktəbə çağırıb Təhsil Nazirliyinə ünvanlanan “ Fond pulu” ilə bağlı müraciətə qol çəkdiriblər. Sinif rəhbərlərinin yalvarışından sonra o imza atmağa razı olub. İndi məktəbə 40 manat fond pulu verməlidir: “Məktəbin direktoru Kərəm Mehdiyev valideylərdən imza toplamayan sinif rəhbərinin vəziyyətinin pis olacağını bəyan edib. Odur ki, sinif rəhbərləri də imza atmaları üçün valideynlərə az qala yalvarırlar. Uşaqlarının yuxarı siniflərdə oxuduğunu, pulu verməyəcəyi halda övladlarının incidilicəyindən qorxan valideyn, bu pulun ailə büdcələri üçün az vəsait olmadığını deyir”.