HƏRBİ KOMİSSAR HAKİM QARŞISINDA
Tarix: 25-01-2012, 12:38 |
Çap et
DAVUD HÜSEYNOVUN EV DUSTAĞI OLMASI İSTƏNİLİR
Bakı Hərbi Məhkəməsində Xətai rayon hərbi komissarının müavini olmuş Davud Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Davud Hüseynovun vəkili Bəycan Məhərrəmov vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib. Vəkil daha sonra D. Hüseynovun psixoloji problemlərinin olduğunu və bununla bağlı psixoloji ekspertiza təyin olunması haqda vəsatət qaldırıb. Vəkilin bu vəsatəti də təmin edilməyib.
Məhkəmə baxışı fevralın 7-nə təyin olunub.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun Bakının Xətai Rayon Hərbi Komissarlığında apardığı yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı artıq Xətai rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən Davud Hüseynov saxlanılıb. Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Davud Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 və 341.1 maddələri üzrə ittiham olunur.