2 APREL MƏHBUSLARINA BƏRAƏT
Tarix: 28-09-2011, 15:33 |
Çap et
BU TƏLƏB MƏHKƏMƏDƏ SƏSLƏNİLDİ
Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, prosesdə müdafiə tərəfi çıxış edib. Vəkillər ittiham aktının əsassız olduğunu qeyd edib, təqsirləndirilənlərə bəraət verilməsini istəyiblər.
Proses sentyabrın 30-da təqsirləndirilən şəxslərin son söz söyləmələri ilə davam etdiriləcək.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin hər birinin 3 il, Fuad Qəhrəmanlının isə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, aprelin 4-də Səbayel rayon Məhkəməsi Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb.
Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar qəbul edib.