Daha iki deputatın mandatı ŞÜBHƏ ALTINDA... - İLGİNC İDDİA
Tarix: 4-07-2024, 11:06 |
Çap et
Sentyabrın 1-də keçiriləcək növbədəkənar seçkilərdə daha iki deputatın namizəd olmayacağı gözlənilir.
“AzPolitika” məlumatlı mənbələrə istinadla xəbər verir ki, onlardan biri 4 dəfə Milli Məclisin üzvü olmuş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylidir.
Qeyd olunur ki, 75 yaşlı Həbibbəyliyə deputatlıq və AMEA prezidentliyi arasında seçim etmək təklif edilib. O da akademik fəaliyyətə üstünlük verib.
Xatırladaq ki, Həbibbəyli indiyə qədər parlamentdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun seçiçilərini təmsil edib.
Mənbənin verdiyi məlumata görə, YAP-ın namizədi olaraq 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə ardıcıl olaraq 3 dəfə deputat seçilmiş Əhliman Əmiraslanovun adının da namizədlər siyahısında olmayacağı gözlənilir.
77 yaşlı tibb elmləri doktoru, professor Əmiraslanov ötən çağırş parlamentdə Səhiyyə komitəsinin sədri olub. Ancaq yaşı ilə bağlı ictimai-siyasi tədbirlərdə kifayət qədər aktivlik nümayiş etdirə bilmir. O, həmçinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibdir. Fəaliyyətini elə AMEA-da davam etdirməsi gözlənilir.
Xatırladaq ki, Əhliman Əmiraslanov daha əvvəlki seçkilərdə Azərbaycan Tibb Universitetinin rektoru postu ilə millət vəkilliyi seçimi arasında qalarkən ikinciyə üstünlük vermişdi.
Onu da qeyd edək ki, hakim partiyanın namizədi kimi daha əvvəl 3 və daha çox çağırış Milli Məclisin deputatı olmuş şəxslərin 1 sentyabr növbədənkənar parlament seçkilərində yenidən namizədliyinin irəli sürülməyəcəyi ehtimal olunur.