BAKIDA JURNALİSTİN EVİNƏ BASQIN EDİLDİ
Tarix: 19-01-2012, 11:56 |
Çap et
“HADİSƏ YALNIZ PEŞƏ FƏALİYYƏTİMLƏ BAĞLIDIR”
Ötən gecə Bakıda jurnalist Oral Mədənçinin evinə basqın edilib.
Bu barədə “Qafqazinfo”ya jurnalisin özü məlumat verib. Gecə saatlarında bir qrup şəxs “Opel” markalı avtomobillə Bakı İnformasiya Agentliyinin əməkdaşı Oral Mədənçinin yaşadığı Nərimanov rayonu, Böyükşor qəsəbəsi, ev 179 ünvanına gələrək jurnalisti təhqir ediblər və ünvanına təhdidedici fikirlər əsləndiriblər.
Oral Mədənçi deyib ki, Təxminən gecə saat 1:30 radələrində üçədən qışqırıq səsləri eşidib: “Səs-küyə həyətə çıxanda gördüm ki, kimlərsə yaşadığım mənzilin həyət darvazasını təpikləyərək, uca səslə mənim ünvanıma təhqir və təhdid dolu sözlər deyirdilər. Onların sərxoş olduğu hiss olunurdu. Dərhal “102” xidmətinə zəng edərək polisə məlumat verdim. Hadisənin şahidi olan qonşular basqınçıların 4 nəfər olduğunu və “opel” markalı avtombilə minərək ərazidən uzaqlaşdığını dedilər”.
Jurnalist bildirib ki, şəxsi zəmində heç kimlə ədavəti yoxdur: “Mən həmin qəsəbədə 22 ildir yaşayıram. Burada hamı məni tanıyır və heç kimlə şəxsi zəmində ədavətim yoxdu. Hesab edirəm ki, baş vermiş hadisə yalnız peşə fəaliyyətimlə bağlıdır. Son günlər İranla bağlı yazdığım yazılara görə, çoxlu sayda təhdidlər alırdım”,- deyə qeyd edən Oral Mədənçi əlavə edib ki, faktla bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət edəcək.