ORXAN KƏRİMOV MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR
Tarix: 17-01-2012, 14:29 |
Çap et
ARTIQ İŞ ÜZRƏ İBTİDAİ İSTİNTAQ YEKUNLAŞIB
Azərbaycan Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Orxan Kərimovun vəkili Ramiz Məmmədovun APA-ya verdiyi xəbərə görə, müdafiə etdiyi şəxs elan olunan ittihamla razılaşmayaraq istintaq müddətinin uzadılması barədə vəsatət verib. Lakin istintaq orqanı vəsatəti təmin etməyib və istintaq başa çatıb. R. Məmmədov hazırda müdafiə tərəfinin istintaq materialları ilə tanışlıq mərhələsində olduğunu deyib.
Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimova qarşı sonradan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3.2-ci (təkrar törədildikdə) və 3.3-cü (külli miqdarda rüşvət alma) bəndləri ilə də əlavə ittihamlar elan edilib.