Əsas Səhifə > Sosial, Manşet > Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir?

Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir?


22-12-2016, 09:05
Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir?
Bu gün ölkə mətbuatında DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun 65 yaşının tamam olmasıyla bağlı təqaüdə göndəriləcəyi haqda məlumat yayılıb. LEGİON bu və digər məlumatları şərh etmir, lakin “Qaynarinfo”-da dərc olunan bu məlumatla yanaşı, R.Zeynalovun qardaşı oğlu Qoşqar Zeynalovla bağlı dərc etdiyimiz araşdırmanı oxuculara bir daha xatırlatmaq istərdik. Belə ki, dekabrın 20-də Legion.az saytında “Ramiz Zeynalovun polis qardaşıoğlu sələmçiliklə də məşğuldur?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, LEGİON-a müraciət edən İsmayıl Hüseynov adlı vətəndaş oğlu Rahib Hüseynovun əsassız olaraq həbs olunmasından şikayətlənib. O, R.Hüseynovun noyabrın 4-də Qoşqar Tofiq oğlu Zeynalovun DİN-ə şikayəti əsasında tutulduğunu bildirib. İsmayıl Hüseynov onu da qeyd etdi ki, Qoşqar Zeynalov Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu, Respubika Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğludur.
İ.Hüseynovun sözlərinə görə, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları”nda şöbə müdiri çalışan Rahib Hüseynovun barəsində DİN Baş MCMİ-də iş açılmış, daha sonra isə işə xitam verilmişdi. “O vaxt müəyyən olundu ki, bu, mülki məsələdir. Qoşqar Zeynalov özü də ifadəsində bildirmişdi ki, Rahib Hüseynova qarşı heç bir iddiası yoxdur. Sonradan oğlum borclu olduğu hər kəsə pullarını qaytardı. Rahibin Qoşqara cəmi 728 min dollar borcu qalıb və bu, onun kitabçasında da qeyd olunub. Lakin Qoşqar Zeynalov DİN-ə şikayətində bildirib ki, guya oğluma 7 milyon dollar borc verib və hazırda Rahib ona 3 milyon 900 min ABŞ dolları qaytarmalıdır”, - deyə İ.Hüseynov bildirib. R.Hüseynovun vəkili Sevil Hacıyeva isə LEGİON-a açıqlamasında qmaraqlı məqamlara – nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovun Qoşqar Zeynalov və Rahib Hüseynovla olan qohumluq və “işgüzar” münasibətlərinə toxunub: “Məsələ ondadır ki, istintaqa Arif Əsgərovun oğlu Elnar Əsgərov da cəlb olunmalıdır. Elnar Əsgərov Qoşqar Zeynalovun bacanağıdır, eyni zamanda Rahib Hüseynovun xalası oğludur. Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”, - deyə S.Hacıyeva qeyd edib. S.Hacıyeva əlavə edib ki, Qoşqar Zeynalov Baş DYPİ-də şöbə müdiridir: “Heç kim bu suala cavab vermək istəmir ki, necə olur, hüquq mühafizə orqanlarında çalışan 30 yaşlarında gənc bir şəxs başqalarına 7 milyon dollar sələmə pul verir? Bunu mən özümdən demirəm... Qoşqar Zeynalov özünün DİN-də verdiyi ifadəsində bildirib ki, Rahib Hüseynova 10 faizlə 7 milyon dollar pul verib”. Qeyd edək ki, özünü Qoşqar Zeynalovun köməkçisi Ruhin kimi təqdim edən şəxs LEGİON-a zəng edərək (Q.Zeynalovun mobil telefon nömrəsindən – red.), bildirib ki, həqiqətən də Qoşqar Zeynalov Rahib Hüseynova 7 milyon dollar borc verib və pul geri qaytarılmayıb. DİN-in İstintaq və Təhqiqatlar İdarəsinin müstəntiqi Teymur Ağamirov da məhz Qoşqar Zeynalovun şikayəti əsasında cinayət işti açıldığını təsdiqləyib: “Hazırda istintaq gedir. Mən sizə iş materialları barədə məlumat verə bilmərəm”. Oğlunun qazanc mənbəyi barədə şübhəli məqamlara aydınlıq gətirməsi üçün, Tovuz RİH başçısı Tofiq Zeynalovun da fikrini öyrənməyə çalışdıq. Lakin Tovuz RİH başçının köməkçisi Fuad Zeynalov bizim sualımıza sualla cavab verib: “Siz kimsiniz ki, Tofiq Zeynalovdan müsahibə almaq istəyirsiniz?”. Biz kim olduğumuzu yaxşı bildiyimizə görə, araşdırmanı davam etdirmək qərarına gəldik və dekabrın 21-də həm nəqliyyat nazirinin müavini Arif Əsgərovun, həm də onun oğlu Elnar Əsgərovun mobil nömrələrini əldə etdik. A.Əsgərovun mobil nömrəsinə zəng etdiyimizdə, “Bəli, eşidirəm, kimdir?” deyə soruşan həmsöhbətimizə LEGİON-dan narahat etdiyimizi bildirdik, əvəzində isə “qısa və konkret” bir cavab aldıq. “Arif müəllim yoxdur. Bir azdan olajax... Sonra zəng edərsiniz”, - deyən “Arif müəllim olmayan şəxs” dəstəyi asdı. Sonradan dəfələrlə Arif Əsgərovun mobil nömrəsinə zəng etdik, hətta SMS yazaraq, Rahib Hüseynovun vəkili Sevil Hacıyeva tərəfindən Elnar Əsgərovun adının da hallandırılmasına münasibət bildirməyini xahiş etdik... Lakin hörmətli nazir müavini “naməlum səbəblərdən” şübhəli məqamlara aydınlıq gətirmək istəmədi. Həmçinin, Elnar Arif oğlu Əsgərovla da əlaqə saxladıq. Xoşbəxtlikdən, Elnar Əsgərov özünün Elnar Əsgərov olduğunu danmadı. “Sizə bir məsələyə bağlı sual vermək istəyirik”, - deyə söhbətə giriş aldıq. “Bəli, buyurun, - deyə E.Əsgərov cavab verdi. “Sizin hazırda həbsdə olan qohumuzun Rahib Hüseynovun vəkili Sevil Hacıyeva bizə açıqlamasında sizin də adınızı hallandırıb və bildirib ki, siz də istintaqa cəlb olunmalısınız”, - deyə qeyd etdik. “Mən buna münasibət bildirmək istəmirəm”, - deyə Elnar Əsgərov cavab verdi. “Siz haqqınızda yayılan iddialara aydınlıq gətirmək istəmirsiniz?”, - deyə soruşduq. “Bəli, mən bu mövzuda heç nə bildirmək istəmirəm. Xahiş edirəm, məni daha narahat etməyin”, - deyə Elnar Əsgərov dəstəyi asdı. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nda 2013-cü ildə yaşanmış 48 milyon manatlıq qalmaqal ilə bağlı ovaxtkı marketinq şöbəsinin müdiri Rahib Hüseynovla bərabər, onun qardaşı Emin Hüseynov da yenidən Qoşqar Zeynalov və başqalarının şikayəti əsasında saxlanılıb. Lakin “Azərbaycan Dəmir Yolları” QSC-nin ovaxtkı sədri Arif Əsgərov və həmin qalmaqalda birbaşa adı hallanan “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərov hələ də hüquq mühafizə orqanları tərəfindən dindirilməyiblər. Əlbəttə, oxucularda da sual yarana bilər: Görəsən, Arif Əsgərov öz oğlu naminə bacanağının övladlarını qurban verir? Yoxsa, əslində məsələ başqa cürdür və sadəcə, ictimaiyyətə dolğun açıqlama vermək lazımdır? Ümid edirik ki, istər qaranlıq məqamlar silsiləsi, istərsə də üç ildir bəzi məmurları izləyən 48 milyonluq qalmaqalın kabusu tezliklə sona yetəcək... Araşdırmamız davam edir.





Geri qayıt