KƏRƏM HƏSƏNOVUN «KANTORU» QARA ZOLAĞA DÜŞDÜ
Tarix: 22-04-2013, 12:14 |
Çap et
KOMİTƏ SƏDRİNİN BİZNESİNƏ DƏ ƏL QOYULA BİLƏR
DİA.AZ: - «Dövlət komitələrindən birinin ləğvi nəzərdə tutulur». Bu barədə məlumatı DİA.AZ-a hökumət içindəki mənbə verib. Məlumatı verən mənbə iddia edir ki, bu Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir. Qeyd olunan komitənin isə İqtisadi İnkişaf Nazirliyinə birləşdirilməsi gözlənilir.
Məlumatı verən mənbə bildirir ki, əslində bir çox ölkələrdə əmlak məsələləri üzrə dövlət komitələri İİN-lərin tərkibində ayrıca departament kimi fəaliyyət göstərir: «Bizdə isə özəlləşdirmə biznesinin nəzarət altında saxlanılması üçün ayrıca komitə statusu qorunub və indi də ləğv edilmiş Dövlət Reyestr Xidmətinin nəzarət zonasından kifayət qədər böyük pullar qazanılır».
Amma bütün bunlara rəğmən artıq Kərəm Həsənovun cəzalandırılma vaxtının yetişdiyini bildirən mənbəmiz əlavə etdi ki, bu cəzanın ən böyüyü onun komitəsinin ləğvidirsə, digər addımlar da planlaşdırılır: «Konkret olaraq Kərəm Həsənovun və onun deputat qardaşının bizneslərinə əl qoyulması planı mövcuddur. Bütün bu addımlar prexzident seçkilərindən sonraya qədər də çəkə bilər. Amma faktdır ki, artıq ƏMDK-nin ləğvi gündəmdədir».