QƏRBİ AZƏRBAYCAN DEPORTASİYASININ ACI TARİXİ
Tarix: 3-12-2011, 15:09 | Çap et
O GÜNLƏRİN ŞAXTASINDA HƏLƏ DƏ ÜŞÜYÜRÜK...
Yazılarımızın birində 1948-1953-cü illərdə qədim Oğuz yurdundan - indiki Ermənistandan soydaşlarımızın "köçürülmə"sindən söz açmışdıq. Bir məqamı yenidən vurğulamaq istərdik ki, bu deportasiyanın adı "könüllü köçürülmə" idi. Əslində isə azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirildi. İlk növbədə, respublikanın paytaxtı olan İrəvan şəhəri və ona yaxın yaşayış məntəqələri azərbaycanlılardan təmizləndi, sonra rayon mərkəzləri və onların ətrafındakı kənd və qəsəbələrin əhalisi çıxarıldı. Əvvəlcə dəmir yol xətləri və şose yolları üzərində yerləşən yaşayış məntəqələri bu sayaq ələ keçirildi. Ermənilər hiyləgərliklə azərbaycanlıları elə sıxışdırırdılar ki, sonralar əhali özü baş alıb doğma yurdundan getməyə məcbur olurdu.
Fəlakətə hazırlıq
İndiki Ermənistanın tamamilə türksüzləşdirilməsi 1988-ci ildə baş tutdu. Əslində, Moskvada hazırlanan ssenari üzrə həmin ilin fevralında ortaya Qarabağ kartı atıldı. Bu "kart oyununun" başlanmasına qədər isə Ermənistanda artıq bir sıra tədbirlər görülürdü. Onlar bir tərəfədən Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan, Rumıniya, Fransa, Misir və başqa ölkələrdən ermənilərin köçürülərək Ermənistanda yerləşdirilməsini təmin edir və onların mənzil problemlərinin həlli naminə azərbaycanlıların evlərini ələ keçirmək üçün müxtəlif hiyləgərliyə əl atırdılar. Xüsusilə də, yüksək vəzifədə çalışan azərbaycanlı rəhbər kadrların ermənilərlə əvəz edilməsinə səy göstərilirdi. Demək olar ki, qısa müddət ərzində Vedi, Zəngibasar, Krasnoselo rayon partiya komitələrinin birinci katibləri, on rayonda isə ikinci və üçüncü katiblər ermənilərlə əvəz olundu. Bunun ardınca İrəvanda müxtəlif nazirliklərdə yüksək vəzifələrdə çalışan azərbaycanlılar işdən azad edildi. Ermənilər hər bir vəchlə Azərbaycan dilində çıxan qəzetləri, institutların Azərbaycan fakültələrini bağlamaqla soydaşlarımızın sıxışdırılmasına çalışırdılar. Eləcə də şəhər, rayon, kənd, qəsəbə, çay, dağ, yer-yurd adları da erməniləşdirilirdi. Süni surətdə də azərbaycanlıların beyninə yeritməyə çalışırdılar ki, əslində, sizin vətəniniz Azərbaycandır, köçüb ora gedin.
SSRİ dövründə Ermənistanın əl-qol açmasına hər cür şərait yaradılıb. Ermənilər isə məhz Moskvadakı havadarlarına arxalanaraq planlı şəkildə "böyük Ermənistan" dövlətini yaratmaq xülyasını heç vaxt unutmayıblar. Hələ sovet dövründə Ermənistan yeganə respublika idi ki, orada hər bir küçənin, müəssisənin, kolxoz və sovxozun, orta ixtisas məktəbinin, xəstəxananın, parkın adı ermənicə idi. Bizim respublikada isə erməni adlarına o qədər geniş meydan verilmişdi ki, hətta S.Şaumyanın adına iki rayon, mədəniyyət evi, park, daha nələr var idi... Azərbaycanda rus dilini zəif bilənləri işə çətinliklə götürürdülər. Amma Ermənistanda bütün kargüzarlıq işi öz dillərində gedirdi.
Maraqlı bir faktı diqqətə çatdıraq. 1954-cü ildə A.Mikoyan İrəvana gəlib. O zaman millətçi ermənilərin cidd-cəhdlə başladıqları Naxçıvan və Qarabağla bağlı söhbətlər hələ də səngiməmişdi. Ermənistan Ali Sovetində söhbət zamanı Mikoyan öz qaniçənlərinə bildirib ki, o, Xruşşovla danışıb Qarabağla Naxçıvanın Ermənistana birləşdirilməsi layihəsini təsdiq etdirəcək. Elə bu söhbətdən də ilhamlanan ermənilər Mikoyanın şəninə banket təşkil edirlər. Erməni yazıçısı H.Köçəryan Mikoyanın şərəfinə dediyi tostda onu "erməni xalqının xilaskarı" adlandıraraq bildirib: "Türkiyədə erməni soyqırımının qisas alıcısı olan, xalqımızın qəhrəman oğlu Andronik haqqında əsərlər yazmışıq. Ancaq onların nəşrinə icazə vermirlər. Sizdən bütün yazıçılar, ziyalılar adından xahiş edirəm ki, özünüzün də yaxşı tanıdığınız Andronikin haqqında yazılmış bu əsərlərin nəşr edilməsinə, hətta yenilərinin yaradılmasına və onun Ermənistanda ən azı, iki-üç yerdə heykəlinin qoyulmasına icazə verəsiniz". Əlbəttə, ermənilərin bu arzusu Mikoyanın da ürəyindən idi. Amma onu birdən-birə, açıq şəkildə reallaşdırmaq çətin olardı. Bu söhbətdən on il sonra - 1965-ci ildə daşnakların çirkin niyyətləri yenə baş qaldırdı. Onlar "erməni soyqırımı"nı Ermənistan SSR-də rəsmi dövlət tədbiri kimi qeyd etdilər və İrəvanda qədim bir məscidi sökdürərək onun yerində bu tayqulaq quldurun heykəlini qoydular. 24 aprel Ermənistanda matəm günü elan edildi. Muzeylərdə, arxiv idarələrində, mədəniyyət ocaqlarında Andronik və onun "qəhrəmanlığı" haqqında stendlər hazırlayıb divara vururdular. O dövrdə Sisianda da (Qarakilsə) bu quldurun heykəlini qoymaq istəsələr də, baş tutmadı. Yazıçı Əli Vəliyev bir neçə ziyalı ilə Moskvaya gedərək Andronikin şəxsən onun soydaşlarına, nəsli-nəcabətinə etdiyi zülmlərdən danışdı və bu işə mane oldu. Amma ermənilər geri çəkilmədilər. "Daşnaksütyun" partiyası və onu himayə edən erməni diasporu ardıcıl şəkildə müxtəlif yerlərdə türklərə qarşı terror aktlarını keçirməyə qərar verdilər. Təsəvvür edin ki, 1965-ci ildən sonra dünyanın 21 ölkəsinin 40-a yaxın şəhərində 110-dan artıq terror aktı keçirildi, 38 silahlı basqın oldu, 70 partlayış törədildi, 42 türk diplomatı qətlə yetirildi.
Köhnə daşnak A.Mikoyanın Moskvada Ali Sovetdə olması ermənilərin ən böyük dayaq nöqtəsi idi. Onlar nə qədər yuxarıdan "rədd" cavabı alsalar da, torpaq iştahasından kəsilə bilmirdilər. Erməni yazıçısı M.Hovanesyan 1965-ci ildə Xankəndidə yaşayan erməni "ziyalı"larını başına toplayaraq SSRİ Ali Sovetinə müraciət edir ki, Dağlıq Qarabağ Ermənistan SSR-ə birləşdirilməlidir. Müraciəti imzalayan 13 daşnakın bu dəfə də niyyəti puça çıxdı. Bu isə onları daha da vəhşiləşdirdi. Ermənilər köhnə üsullarına əl atdılar. Xocavənddə beynəlmiləl məktəbdə oxuyan bir erməni uşağı yoxa çıxdı. Uşağın itməsi muxtar vilayətdə çaxnaşma yaratdı. Bir neçə günlük axtarışdan sonra uşağın meyiti əkin sahəsindən tapıldı. Bununla ermənilərin əlinə yaxşı girəvə düşdü. Məktəbin direktoru, meyit tapılan sahənin briqadiri və bir neçə azərbaycanlı həbs edildi. Əlbəttə, çox sonralar bilinəcək ki, elə bu hadisəni də törədən ermənilərin özü olub. Münaqişə yaratmaq üçün bu iyrənc vasitəyə əl atıblar. Bu hadisədən sonra Xankəndidə dəhşətli günlər yaşandı. Təsəvvür edirsinizmi, sovet hakimiyyəti illərində iğtişaşlar baş verirdi. Erməni quldurları azərbaycanlıların yaşadığı məhlələrə hücum etdilər. Vilayətdə əslində, dəhşətli bir hakimiyyətsizlik hökm sürürdü. Balta, dəhrə, bıçaq və ov tüfəngi ilə silahlanmış ermənilər həbs edilmiş soydaşlarımızı, günahsız məhbusları tikə-tikə doğrayaraq üç cəsədi bir yerə yığıb yandırdılar. O gün qadınların ah-naləsi ərşə qalxdı. Guya bu hadisəni törədən ermənilərdən biri həbs edildi və güllələndi. Amma 8 il sonra həmin dığa yenidən Xankəndidə peyda oldu. 1967-ci il 3 iyul faciəsi ermənilərin həyata keçirdiyi qanlı olaylardan biri idi. Təəssüf ki, Azərbaycanın rəhbərləri bu işlə əlaqədar təsirli tədbir görə bilmədilər. Tariximizin bu qara səhifəsi öz bətnində növbəti qanlı iğtişaşları müvəqqəti gizlətdi.
1975-ci ildə yaradılan ASALA terror təşkilatı əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı ardıcıl surətdə planlaşdırılan terror aktlarının baş tutması üçün iyrənc üsullardan istifadə etdilər.
Burada bir sual da meydana çıxa bilər ki, A.Mikoyanın Moskvada yüksək postda əyləşdiyi illərdə (hətta SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olanda da) Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi məsələsi qaldırılırdı. Bəs, nə əcəb onlar bu çirkin niyyətlərinə o vaxt nail olmayıblar? Tarixçi H.Həsənoğlu yazırdı ki, Xruşşov bir dəfə ciddiyyətlə deyib: "İstənilən qədər yük maşınları ayıra və erməniləri bir neçə sutka ərzində Ermənistandan daşıtdıra bilərəm, bununla da, "erməni məsələsi" həll olunar" - deməsi erməniləri müvəqqəti də olsa susmaq məcburiyyətində qoyub. Lakin bu fakt da var ki, Ermənistan SSR-nin 40 illik yubileyində iştirak edən Xruşşovu vertolyota əyləşdirərək Ermənistan və Naxçıvan ərazisini ona göstərən ermənilər həyasızlıqla Naxçıvanı tələb ediblər. Bu dəfə də Xruşşov cavabında "Sizə Sibirdə nə qədər torpaq istəsəniz verərik, gedin orada bir Ermənistan yaradın" - deyib. Ermənilər hər bir vəchlə Xruşşovdan pay qoparmaq niyyətində idilər. Onlar Göyçə gölünün qızıl balığından kabab çəkərək Xruşşova yedirdiblər. Qonaqlıqdan razı olan Xruşşova bildiriblər ki, Sevanın suyunun azalması bu balıqların qırılmasına səbəb olacaq. Ona görə də Arpaçayının (Naxçıvan ərazisində) suyunu gölə gətirməyə icazə versin. Bu dəfə niyyətlərinə çatıblar. SSRİ-nin külli miqdarda vəsaiti hesabına çətin keçilən yerlərdən, qayalardan, dağlardan tunellər açılaraq Arpaçayını Sevana aparmaqla Şərur torpağını susuz qoydular.
Qarşıdan isə yeni qanlı hadisələr, qırğınlar, talanlar və vəhşiliklər gəlirdi. Ötən əsrin 80-ci illərində Zori Balayanın tarixi saxtalaşdıran, əvvəl erməni, sonra rus dillərində böyük tirajla çap olunan "Ocaq" adlı bədnam kitabında azərbaycanlılara qarşı düşmənçilik hissləri təbliğ olundu. Ermənilərə bildirildi ki, onlar mütləq azərbaycanlıları yaşadıqları ərazilərdən çıxarmalıdırlar. Hətta çap etdikləri dərslik və xəritələrdə də Azərbaycana məxsus şəhərlər, yerlər qəsdən Ermənistan ərazisi kimi göstərilirdi. Başqa kitablar da çap edilirdi. Xüsusilə də, şairələri S.Kaputikyan cidd-cəhdlə bildirirdi ki, əgər azərbaycanlıları Ermənistandan qovmasaq, başımıza bəla gələcək. Hətta S.Kaputikyan televiziyada çıxış edərək erməniləri döyüşə çağırırdı. Analara müraciət edirdi ki, biz "böyük Ermənistan" uğrunda mübarizə aparırıq. Bu yolda övladlarınız türk öldürməsə, deməli, siz bədbəxtsiniz.
Bir həqiqəti mütləq demək lazımdır. Ermənilərin çəkinəcək yerləri xalqımızın ümummilli lideri Heydər Əliyev idi. Onlar bir müddət öz kin-küdurətlərini açıq şəkildə həyata keçirə bilmədilər. Elə ki, Heydər Əliyev vəzifədən və Siyasi Bürodan getdi, sanki ermənilərin qurumuş qanqallarına yeni qüvvət gəldi. Dərhal öz şeytan əməllərini həyata keçirməyə başladılar. Hətta Ermənistan KP Mərkəzi Komitəsinin plenumunda daşnaklar çıxış edərək söylədilər: "Daha nədən qorxuruq? Heydər Əliyev artıq Siyasi Bürodan gedib. Zaman bizim xeyrimizə işləyir". Ermənistan KP MK-nın 3 sentyabr 1988-ci il plenumunda Yazıçılar İttifaqı İdarə Heyətinin sədri H.Hovanesyan öz çıxışında xalqımıza çox böhtanlar ataraq "Andronik" və "Sərdarabad" adlı kitabların Heydər Əliyevin qərəzli tənqidi üzündən işıq üzü görməmişdi" - söylədi ("Sovet Ermənistanı" qəzeti, 24 sentyabr 1988-ci il). İlk torpaq iddiaları Ermənistanın özündə başladı. Azərbaycanlılara məxsus yaylaqlar və əkin sahələri alınaraq ermənilər yaşayan kəndlərə verildi. Azərbaycanlıların əleyhinə müxtəlif kitablar çap edildi, təbliğatlar aparıldı, soydaşlarımız incidilməyə başlanıldı. Sonra da...
Dəhşətli 1988-ci il
Ermənilər artıq heç cür sakitləşə bilmirdilər. Onlar SSRİ-nin sonuncu rəhbəri M.Qorbaçova saysız-hesabsız hədiyyələr, şirin vədlər verərək yenə torpaq iddiasını irəli sürdülər. O qədər də möhkəm iradəsi olmayan M.Qorbaçov aqambekyanların, şahnazarovların və ermənipərəst şovinist qüvvələrin təzyiqinə rəğmən "Mən mane olmuram, azərbaycanlılardan ala bilirsinizsə, Dağlıq Qarabağı alın" - deyib. Bu isə erməni vəhşiliyinə, qaniçənliyinə açıqca razılıq vermək idi.
1987-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən münaqişə yaratmaq üçün vərəqələr yayılır, erməni əhalisinin guya ağır sosial-iqtisadi vəziyyətdə yaşadığını əsaslandırmaqla onları Azərbaycan xalqına qarşı qoymağa çalışdılar. Vilayətin erməni əhalisinə bildirirdilər ki, onlar azərbaycanlılardan fərqli olaraq dözülməz şəraitdə yaşayırlar. Guya ermənilərin milli maraqlarını Azərbaycan SSR tərkibində qalmaqalla həll etmək mümkün deyildi. Bütün milli problemlər yalnız Ermənistana birləşdikdən sonra həll oluna bilərdi. Xankəndidə keçirilən mitinqin sədası həm Azərbaycana, həm də Ermənistana yayıldı. 1988-ci ilin fevralından başlayaraq İrəvanda və bütün respublikada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ilə əlaqədar ermənilər izdihamlı mitinqlər və yürüşlər təşkil etdilər. Təbii ki, bu yürüşlər sülh şəraitində həyata keçirilmirdi. Ermənilər ilk dəfə Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə basqın etdilər. Evlər yandırıldı, talan edildi, adamlar kəndlərdən qovuldu. Fevralın 25-də demək olar ki, Bakının, Sumqayıtın küçələri yurd-yuvasından, doğma torpağından qovulmuş azərbaycanlılarla dolu idi.
Ermənilər isə paytaxtlarında opera teatrının qarşısına toplaşaraq təcili Ermənistan SSR Ali Sovetinin növbədənkənar sessiyasının çağırılmasını tələb edirdilər ki, Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi məsələsi SSRİ Ali Sovetinin sessiyasında qaldırılsın.
Fevralın 28-də ermənilərin rejissorluğu ilə "Sumqayıt" ssenarisi həyata keçirildi. Bu qurama faciəni əllərində bayraq tutaraq daha da qızışan ermənilər mart ayında azərbaycanlıların səbirsizliklə gözlədikləri Novruz bayramını qara gətirdilər. Ermənistanın bütün rayon və kəndlərində azərbaycanlılara qarşı təxribatçılıq baş alıb gedirdi. Soydaşlarımız bir tərəfdən təhqir olunur, döyülür, evləri yandırılır, qorxu və vahimə içində işgəncələrə məruz qalır, digər tərəfdən də köməksiz, arxasız qalmışdılar. Elə mart ayında da soydaşlarımızın Vedibasar, Zəngibasar, Dərələyəz və Zəngəzurdan kütləvi surətdə çıxarılmasına rəvac verildi.
Martın 25-də gecə saat 24:00-da Ermənistanda hərbi vəziyyətin elan olunacağı haqqında televiziyada məlumat verildi. Ancaq ermənilər İrəvana daxil olan sovet əsgərlərini gül-çiçəklə, sevinclə, qonaqlıqla və başqa hədiyyələrlə qarşıladılar. Həmin gün isə Ermənistandan qaçqın düşmüş 80 min soydaşımız Azərbaycanın sərhəd rayonlarında boynuburuq qalmışdı. Ermənilər başqa bir iyrənc hərəkəti də həyata keçirdilər. Onlar alüminium, şin, kauçuk və digər istehsalat birliklərinin, kombinatlarının zəhərli sularını, çirkabını, eləcə də İrəvanın kanalizasiyasını Araz çayına axıtdılar.
Mart ayında canını götürüb qaçmış soydaşlarımızı geri dönməyə məcbur etdilər. Guya iki respublikanın rəhbərləri arasında aparılan danışıqdan sonra qaçqınların öz evlərində yaşamalarına kimsə mane olmayacaqdı. Halbuki Ermənistanda başlanan vəhşi soyğunçuluğun, qətl hadisələrinin arası kəsilməmişdi. Azərbaycanlılar nə edəcəklərini bilmirdilər. Çünki quldurlar qəflətən evə basqın edərək qapını, pəncərəni sındırır, bəzən də yandırırdılar. Təkcə mayın 11-də bir gecədə ermənilər üç istiqamətdən Şirazlıya hücuma keçərək 8 evi yandırdı, 64-nü dağıtdı, 330 ailənin əmlakı talan edildi, 2 nəfər öldürüldü, 80 nəfər döyülməkdən ağır xəsarət aldı. Sağ qalanlar gecə ikən ayaqyalın, başıaçıq qaçmaq məcburiyyətində qaldılar. Bu hadisəni vəhşilik adlandırmaq da azdır.
Doğrudur, o dövrdə Moskvadan həmin rayona nümayəndə heyəti gəldi. Amma əhəmiyyəti yox idi. Ermənilər elə qızışmışdılar ki, onlar ancaq öz istədiklərini bağırırdılar: "Qarabağ", "Artsax", "Torpaq". İrəvanın teatr meydanında qurulan çadırlarda daşnak bayrağı asılmışdı. Onlar hər yerdə azərbaycanlılara qənim kəsilmişdilər. Soydaşlarımız bazara, dükana belə, gedə bilmirdilər.
Şahidlər danışırlar ki, 1988-ci ilin iyun ayında keçirilən mitinq və iclaslarda Zori Balayan dəfələrlə çıxış edərək mübarizələrini axıradək aparmağı təkid edirdi. Ermənistan hökuməti azərbaycanlıları bölgə üzrə çıxarmaq haqqında qərar da vermişdi. Nəhayət, həmin ilin iyun ayında Ermənistan Ali Sovetinin sessiyası çağırıldı. Bütün daşnaklar çıxış etdilər. Hətta katalikos Vazgen də televiziya verilişinə çıxaraq "böyük Ermənistan" yaratmaq üçün ermənilərə yeni ideyalar, "xeyir-dualar" verirdi. O sessiyadan ilham alan erməni talançıları öz vəhşiliklərini davam etdirdilər. Döyülməkdən, təqibdən, dava-dalaşdan, təhqirdən zinhara gələn azərbaycanlılar doğma yurdlarını tərk etmək məcburiyyətində idilər.
1988-ci ilin iyulunda 23 min azərbaycanlı Qarabağa - Şuşaya pənah gətirdi. Əlbəttə, buraların havası, təbiəti, suyu onların yaşadıqları yerə uyğun idi. İki ayın ərzində Şuşa, Xocalı, Malıbəyli, Quşçular, Əsgəran Ermənistandan didərgin düşmüş binəsiblərlə doldu. Təəssüf ki, avqustun 30-da Azərbaycan MK-nın "vətənpərvər" oğullarının göstərişi ilə qaçqınları Qarabağdan çıxararaq başqa yerlərə apardılar, yarısını da zorla Ermənistana qaytardılar. Başbilənlərimiz belə humanist idilər. Ermənistanda isə çoxdan sovetin bayrağını endirərək daşnak bayrağının altında hücumlarını davam etdirirdilər.
Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti çox ağır idi. Yollar bağlanmışdı, burada qalan azərbaycanlılar girov kimi saxlanılırdı. Onların maşınla gediş-gəlişi tam qadağan edilmişdi. Canlarını götürüb qaçan qaçqınlar isə yollarda qətlə yetirilir, döyülür, təhqir edilirdilər. On beş gün ərzində Ermənistandan 300 min azərbaycanlı, 18 min kürd, 1000 rus daimi yaşayış yerlərindən qovuldular. Beləliklə, tarixi yurdlarından didərgin salınan azərbaycanlıların əlindən 40.000 ev alındı, 6.000 bina yandırıldı, 40.000 ailənin əmlakı talan edildi, 35.000 həyətyanı sahə, bağ-bağça, 32.000 şəxsi mal-qara, 35.000 qoyun-quzu mənimsənildi, 25.000 yaşayış evi əvəzsiz ermənilərə qaldı, 12.000 xüsusi ev dövlət mənzili ilə dəyişdirildi, 800 xüsusi maşın, 32 milyon dollar dəyərində pul, istiqraz, qızıl əşyalar sahiblərinin əlindən alındı, 410 köç maşını qarət edildi, 90.000-dan çox ailə kənd təsərrüfatı ilə məşğul olduqları halda, şəhərdə beton evlərdə yaşamaq məcburiyyətində qaldı, 16.000 ailə tam şəkildə məskunlaşa bilmədi. 10.000 nəfər əmək qabiliyyətli adam uzun müddət işsizlikdən əziyyət çəkdi, 80.000 adam öz sənətini davam etdirə bilmədi, 12.000 adam əsəb və ürək xəstəliyinə tutuldu, 6410 qaçqın düçar olduğu dərdə dözə bilməyərək dünyasını dəyişdi. Bu rəqəmləri xronoloji ardıcıllıqla davam etdirmək çox ağırdır.
1988-ci ildə erməni terrorçuları tərəfindən sonuncu deportasiya zamanı Allahverdi rayonunda - 4, Araratda - 7, Amasiyada - 12, Basarkeçərdə - 45, Quqarkda - 22, Qafanda - 7, Kalininoda - 10, Krasnoseloda - 16, Kirovakanda - 2, Gorusda - 3, Əzizbəyovda - 15, İcevanda - 7, İrəvanda - 4, Noyemberyanda - 4, Masisdə - 21, Yeğeqnadzorda - 1, Razdanda - 3, Sisianda - 5, Spitakda - 15, Stepanavanda - 9 azərbaycanlı qətlə yetirilib. Rəsmi məlumata görə, soydaşlarımız yalnız azərbaycanlılar yaşayan 171 kənddən, qarışıq yaşadıqları 89 yaşayış məntəqəsindən zorla çıxarılıblar. 217 nəfər həlak olub. Qaçqın düşmüş soydaşlarımızın sayı 200 min, bəzən də 300 min deyilir. Əlbəttə, vətəndən qovulanların dərədə, dağda, uçqunda qalanı, şaxtada donub öləni, qurda-quşa yem olanı, itkin düşəni bu siyahılara düşməyib. Bir fakt: "Ermənistan azərbaycanlılarının soyqırımı" kitabında oxuyuruq ki, Spitakda 1988-ci il noyabr ayının 27-də 5 yaşından 12 yaşınadək olan uşaqları analarının əlindən alaraq 20 metr uzunluğunda boruya doldurublar. Amma bu 70 uşağın adı heç yerə yazılmayıb. Eləcə də həmin kitabda şahidlər söyləyirlər ki, boru dolduqdan sonra yerdə qalan uşaqları avtobusa yığıb harasa apardılar. Uşağını istəyən analara isə "Amerikaya göndərəcəyik" - dedilər. Salamat qurtarıb Bakıya gələn Mədinə adlı bir qadın o zaman bizimlə söhbətində yana-yana söylədi ki, 8 yaşlı oğlu Əruzu, 6 yaşlı qızı Aygünü ermənilər əlindən alaraq boruya salmışdılar. Qadın onu da deyirdi ki, ermənilər borunu aparıb bir çayın kənarında qoyub gediblər. O cümlədən, girov qalanların, sonradan ölümlə üzləşərək dünyasını dəyişənlərin siyahısı hələ də dəqiq deyil. Bir faktı da vurğulayaq ki, doğma yurdlarından didərgin düşən soydaşlarımızın o dövrdə övladları müxtəlif şəhərlərdə ali təhsil alırdılar, müvəqqəti işləyirdilər, hərbi xidmətdə öz borclarını yetirənlər də var idi. Bax, həmin insanların da adları o siyahıya düşməyib. Halbuki elə onlar da doğma torpağını, doğulduqları yurdu itiriblər.
Beləliklə, 1988-ci il noyabrın sonu dekabrın əvvəlində cəmi iki həftə ərzində 300 mindən çox azərbaycanlı ermənilər tərəfindən silah gücünə öz doğma yurdundan qovuldu. Özü də necə? Qışın soyuğunda yurd-yuvalarından əliboş, pal-paltarsız, ayaqyalın, işgəncələrə məruz qala-qala...
Bir-iki kəlmə də respublikamızdan getmiş erməni "qaçqınları" barədə. Azərbaycanda tarixən ermənilərə qarşı pis münasibət olmayıb. Həmişə dava-dalaşı, milli qırğını, qanlı olayları, iğtişaşları ermənilər törədib. Bıçaq sümüyə dirənəndə azərbaycanlıların səbri daşıb üzlərini bozardanda ermənilər dərhal başlayıblar hay-küy qoparmağa, qara-qışqırıq salmağa: "Ay aman, qoymayın, türklər bizi qırdılar". Ermənilər Bakıda respublikaya məxsus hökumət evlərini dəyişmək adı altında çox baha qiymətə satandan sonra niyə o "dəyişdikləri" (guya Ermənistandan qovulanlarla dəyişirdilər) evlərə yox, məhz Moskvaya, Rostova, Krasnodara və digər şəhərlərə üz tutdular? Ermənistandan qovulan azərbaycanlılar üstü açıq maşınlarda, pay-piyada uçurumlu, sıldırımlı dağ yollarında qarda-tufanda itə-itə, dona-dona Azərbaycana üz tutublar. Amma Bakı erməniləri evlərini sataraq, əşyalarını konteynerə yığaraq istədikləri ünvana göndərdilər. Özləri də yumşaq vaqonlarda, rahat təyyarələrdə, isti paltarlarda, cibləri dolu, kefləri çağ çoxdan arzusunda olduqları ünvanlara təşrif apardılar. Bunlar elə dəqiq faktlardır ki, maraqlananlar onu nəqliyyat vasitələrinin vağzallarındakı qeydiyyat kitabçalarından öyrənə bilər.
1988-ci il xalqımızın həyatında çox dəhşətli oldu. Soydaşlarımız indiki Ermənistandan - dədə-baba torpaqlarından kütləvi surətdə min bir işgəncə ilə qovuldu. Türklərin vətəni türksüz qaldı. Amma bu gün də Bakıda 30 minə yaxın erməni yaşamaqdadır. Bir millət və xalq olaraq bizim təbiətimizdə şovinistlik yoxdur. Amma faktlar göstərir ki, bizi daşlayan yağını aşla qarşılamağın zamanı arxivə verilib!
Flora XƏLİLZADƏ
"Azərbaycan"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|