BALAKƏNDƏ ETİRAZ AKSİYASI BAŞLADI
Tarix: 13-02-2013, 11:40 |
Çap et
BAŞÇI NARAZILARI DƏRHAL QƏBUL EDİBFevralın 13-ü səhər saatlarında Balakən rayonunun Hənifə və Qabaqçöl kəndinin təqribən 100-dək sakini rayon icra hakimiyyətinin qarşısına toplaşıb. Yerli mənbələrimizdən aldığımız məlumata görə, balakənlilər rayonda baş verən zəlzələ nəticəsində dağılmış və ciddi ziyan dəymiş evlərinin bərpası, yaxud tikintisi ilə bağlı ədalətli qərarın verilməməsinə etiraz ediblər. Aksiya iştirakçıları rayon Fövqəladə Hallar Komissiyasının ötən müddət ərzində zəlzələ zamanı dağılan evlərə yerli komissiyanın yalnız bir dəfə baxış keçirdiyini, lakin bu zaman da düzgün qiymətləndirmə aparılmadığını bəyan ediblər. Onların sözlərinə görə, ziyan dəymiş evlərin bəzilərinə ümumiyyətlə, baxılmayıb, bəzi salamat evlər isə rüşvət hesabına zərərçəkmiş kimi göstərilib. Məlumata görə, əhalinin aksiya qərarı yerli hakimiyyəti ciddi şəkildə təşvişə salıb. Xüsüsilə də prezident İlham Əliyevin 12 fevraldakı çıxışı və məmurlara barmaq silkələməsindn sonra kəndlilərin aksiya təyin etməsi onları ciddi narahat edib. Bu səbəbdən icra başçısının müavini aksiyada iştirak edən ağsaqqalları dərhal qəbul edib. Hazırda bağlı qapılar arxasında danışıqların davam etdiyi bilidirilir. Digər aksiya iştirakçıları isə bayırda görüşün nəticələrini gözləyirlər.
Mənbə onu da dedi ki, 12 fevralda fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hənifə kəndində görüş keçirmişdi.
Sakinlərin şikayətlərini dinləyən K.Heydərovun səfərindən sonra kəndə yenidən komissiya gəlib və düzgün qiymətləndirmənin aparılacağına vəd veribmiş.