REDAKTORLAR BİRLİYİ HƏRƏKƏTƏ KEÇDİ
Tarix: 22-11-2011, 16:15 |
Çap et
RAFİQ TAĞIYA SUİ-QƏSDLƏ BAĞLI JURNALİST TƏHQİQATI APARMAQ QƏRARA ALINIB
Noyabrın 22-də Redaktorlar Birliyinin iclası keçirilib. “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev “Media forum” saytına bildirib ki, iclasda əsasən yazıçı Rafiq Tağıya edilən sui-qəsd müzakirə olunub.
Mehman Əliyevin sözlərinə görə, Redaktorlar Birliyi hüquq mühafizə orqanlarını Rafiq Tağıya sui-qəsdin üstünü tezliklə açmağa çağırır: “Eyni zamanda Redaktorlar Birliyi bu sui-qəsdlə bağlı jurnalist təhqiqatı aparmağı qərara alıb”.
Rafiq Tağı noyabrın 19-u axşam saatlarında Bakıda bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan yazıçı əməliyyat olunub və hazırda xəstəxanada yatır. Fakt üzrə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
Redaktorlar Birliyinin 22 noyabr iclasında Mətbuat Şurasının “Gündəm-Xəbər” qəzetindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayəti də müzakirə olunub və qəzetə dəstək vermək qərara alınıb.