MİSİR MƏRDANOV QURBAN VERDİYİ İŞÇİSİ İLƏ MARAQLANMIR
Tarix: 22-11-2011, 14:19 |
Çap et
ORXAN KƏRİMOVUN SƏHHƏTİ PİSLƏŞİB
“Biz Nəsimi Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişik. Noyabrın 23-də şikayətimizə baxılacaq”. Noyabrın 22-də “Media forum” saytına açıqlamasında Orxan Kərimovun vəkili Ramiz Məmmədov belə deyib.
Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimov iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci ( rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.
Orxan Kərimovun yalnız tutulduğu gün dindirildiyini deyən Ramiz Məmmədov bu işlə bağlı heç bir istintaq hərəkətinin aparılmadığını vurğulayıb: “Onun barəsində çıxarılan həbs qətimkan tədbiri ikinci müddətə uzadılanda biz bu qərardan şikayət etmədik. Düşündük ki, bunun heç bir əhəmiyyəti yoxdur. Məhkəmələr ənənəvi olaraq həbs qətimkan tədbirini qüvvədə saxlayırlar.
Noyabrın 19-da bu qərarın ev dustaqlığı ilə əvəz olunması vəsatəti ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdik, çünki Orxanın səhhətində problemlər yaranmağa başlayıb. Əvvəllər də bildirdiyim kimi, onun ürəyində iki dəfə cərrahiyə əməliyyatı aparılıb. Buna baxmayaraq məhkəmə vəsatətimizi rədd etdi. Bakı Apellyasiya Məhkəməsinə şikayətimiz bununla bağlıdır”.
Orxan Kərimovun yenidən əməliyyat olunmasına ehtiyac yarandığını qeyd edən vəkil Penitensiar Xidmətin müalicə müəssisəsində bunun üçün şərait olmadığını deyib: “Bu əməliyyat ya Mərkəzi Klinik Xəstəxanada, ya da Mərkəzi Neftçilər Xəstəxanasında baş tuta bilər”.
Orxan Kərimov Bakı İstintaq Təcridxanasında saxlanır.