QARABAĞLILAR FHN ŞEFİNDƏN NARAZILIQ EDİR
Tarix: 23-01-2013, 12:35 |
Çap et
KƏMALƏDDİN HEYDƏROVUN İŞÇİLƏRİ PUL YIĞIR
DİA.AZ: - Fövqəladə hallar nazirliyinin əməkdaşları bölgələrdə pul yığımı kampaniyasına başlayıblar. Bu həyəcanlı xəbəri DİA.AZ-a Füzuli rayonundan sahibkarlar veriblər.
Redaksiyamıza şikayət edən yerli iş adamlarından biri bildirdi ki, yerli FHN-nin əməkdaşları dükan-dükan, obyekt-obyekt gəzərək yanğınsöndürən cihazın olub-olmaması ilə maraqlanmaq adı altında pul yığırlar:
«Artıq iki dəfə mənim dükanıma gəliblər. Və mən də yanğınsöndürmə balonumun olduğunu demişəm. Amma buna baxmayaraq, məni başım çıxmayan sənədlərə qol çəkdiriblər. İndi də deyirlər ki, guya mən özüm şəxsən etiraf etmişəm ki, yoxlama zamanı yanğınsöndürmə balonum olmayıb və sonradan alıb qoymuşam. Bunun müqabilində obyektimə cərimə yazıblar».
Şikayətçi hələlik adının açıqlanmamasını da redaksiyamızdan xahiş edib: «Vallah, dövlət onların əlindədir. Sadəcə faktı yazın. Bəlkə bir xeyri oldu. Adımı açıqlasanız, daha da pislik edərlər». Onu da bildirək ki, sözügedən rayondan daha bir neçə sahibkar da anoloji problemdən gileylənərək redaksiyamıza müraciət ediblər.