ARİF HACILI AMERİKADAN BƏD XƏBƏR GƏTİRİB
Tarix: 4-12-2012, 13:08 |
Çap et
“ABŞ-DA QARABAĞ MÜNAQİŞƏSİNƏ MARAQ AZALIB”
“Son bir neçə ildən fərqli olaraq ABŞ-da Azərbaycana maraq artır. Əsas prioritetlər dəyişmir: demokratiya, enerji və təhlükəsizlik. Hərçənd, təəssüf ki, Qarabağ məsələsinə maraq azalıb”, - ABŞ-da səfərdə olan Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı Turan-ın Vaşinqton müxbirinə müsahibəsində deyib.
“10 il əvvəl ABŞ-da olanda hamı Qarabağla maraqlanırdı, indi isə əsas diqqət İrana yönəlib”, - deyə o vurğulayıb.
O, zamanın Azərbaycanın xeyrinə işləməsi barədə Azərbaycan hakimiyyətinin fikirləri ilə razı olmadığını bildirib.
A.Hacılı ABŞ-a demokratiyanın inkişafı və insan haqları ilə məşğul olan institutların dəvətilə gedib. Səfərdə məqsəd 2013-cü ildə keçiriləcək prezident seçkilərilə əlaqədar fikir mübadiləsi aparmaqdır.
“Görüşlər zamanı güney azərbaycanlıların da problemlərilə bağlı müzakirələr apardım. Bir çox alimlərlə, institutların nümayəndələri, rəsmi dövlət adamları ilə görüşdüm. Görüşlər davam edir”, - o bildirib.
ABŞ-da Azərbaycan hakimiyyətinin lobbiçilərinin və SOCAR-ın fəaliyyətinin canlanması barədə sualın cavabda A. Hacılı deyib ki, onun görüşdüyü adamlar “lobbiçilər deyil, Azərbaycanın təmənnasız dostlarıdır və ölkədə demokratiyanın bərqərar olunmasında maraqlı olan adamlardır”.–