FHN ŞEFİNİN ADAMI MƏHKƏMƏDƏ SUSMALI OLDU
Tarix: 20-11-2012, 16:18 |
Çap et
KƏMALƏDDİN HEYDƏROVA QARŞI İDDİADİA.AZ: - Bu gün 1 saylı Bakı inzibati-iqtisad məhkəməsində Turan İnformasiya Agentliyinin FHN-ə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
DİA.AZ bildirir ki, iddia nazir Kəmaləddin Heydərovun 2010-cu il Kür daşqını zonasında evlərin və sosial obyektlərin tikintisi haqqında məlumat verməkdən imtina etməsi ilə əlaqədar “İnformasiya əldə etmək azadlığı haqqında” qanunun 24.1-ci maddəsinə əsasən verilib.
Heydərova ünvanlanan 20 iyun 2012-ci il tarixli məktubda hökumətin və prezidentin qərarları ilə ayrılmış vəsaitin məbləği, tikilmiş evlərin və sosial obyektlərin sayı, evlərin smeta dəyəri haqqında sualalra cavab vermək xahişi yer alırdı.
Turan agentliyinin direktoru Mehman Əliyev məhkəmədə bildirib ki, istənilən məlumat gizli deyil və ictimaiyyətə açıqlanmalıdır.
Hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçirilən iclasda FHN nümayəndəsi Elbəy Babayev məktubda qoyulan sualları cavablandıra bilməyib.
Hakim cavabdehə 18 dekabr 14.30-a təyin edilmiş növbəti məhkəmə iclasına qədər cavab hazırlayıb təqdim etməyi təklif edib.
Məlum olduğu kimi, dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılmasına 460 mln. manat ayrılıb. Daşqının nəticələrinin aradan qaldırılması FHN-ə həvalə edilib və vəsaitin böyük hissəsi bu quruma verilib. “Kür” vətəndaş cəmiyyəti qərargahının məlumatına görə, milyonlarla vəsait talan edilib, hökumətin qarşısına qoyulan problemlər isə həllini tapmayıb. Daşqın zonasından vətəndaşların hüquqlarının pozulması haqqında müraciətlər gəlməkdə davam edir. Zərərçəkmişlərin bir hissəsi məhkəmələrdə ədalətə nail olur. Şirvan inzibati-iqtisad məhkəməsində 90-dan çox belə işə baxılır.