Əsas Səhifə > Şou-biznes > “Avropanın işi xalqı və hökuməti işğalla barışdırmaq niyyəti idi”

“Avropanın işi xalqı və hökuməti işğalla barışdırmaq niyyəti idi”


17-12-2020, 08:48
“Avropanın işi xalqı və hökuməti işğalla barışdırmaq niyyəti idi”
Müharibələr hər zaman millətçiliyi digər ideologiyalar qarşısında gücləndirir. 44 günlük Vətən müharibəsi də bu baxımdan fərqlənmədi. Belə ki, indi ölkədə millətçilik daha populyarlıq qazanıb və başqa ideoloji cərəyanları üstələməkdədir. Lakin bunun nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Çünki sosial problemlər dərinləşəndə sol ideyalar aktuallaşır, dünyəvi azadlıqlara geniş meydan verilməsi gündəmə gələndə liberallar fəallaşır, cəmiyyətdə gərginlik yarananda, əyriliklər artanda dini meyillər, müxtəlif cərəyanlar aktivləşir.

Azərbaycanlıları isə bir ideya ətrafında birləşdirmək mümkündürsə, bu da milli məsələlərdə alınır. Heç bir kənar təsir, təşviqat və ideoloji təbliğatlar milləti öz orbitinə toplaya bilmir. Ancaq milli proseslər baş verəndə, ölkədə taleyüklü hadisələr ortaya çıxanda xalq yumruq kimi vətənpərvərlik ideyasına sarılaraq birləşir.

Biz general, Milli Qəhrəman Polad Həşimovun və digər hərbçilərimizin Tovuz döyüşlərində şəhid olmasından sonra Şəhidlər Xiyabanı qarşısında yığışmasını misal gətirə bilərik. Spontan şəkildə baş verən yürüş xalqın milli ideyaya söykənməsindən xəbər verirdi. Bizi Qərbdən, İrandan, ABŞ-dan gələn hansısa cərəyanlar, ideyalar külli hal şəklində vəhdətə çevirə bilmir. Bu, illərin sınağı və təcrübəsidir.

Vətən müharibəsinin getdiyi günlərdə və sonrakı dövrdə də biz yad ideolojilərin xalq tərəfindən mənimsənilmədiyinə şahid olduq.

Azərbaycanlıları talışı, ləzgisi, avarı, tatı, rusu ilə bir yerdə yalnız vətənpərvərlik, milli heysiyyət cəm halına gətirib çıxara bilir. Bu mənada qeyri-ənənəvi hərəkatlar, çağırışlar qələbədən sonra sönməyə, tənəzzül etməyə başlamaqdadır. Cəmiyyətin bu əhvalı hakimiyyətə daha çox sərf edir. Vətən və millət faktoru ilə vətəndaşları xarici təhlükəyə qarşı daha sürətli, keyfiyyətli təşkilatlandıra bilir. Azərbaycan xalqının təməli əslində daha çox vətənpərvərlikdir, milli maraqların qorunmasıdır. Ona görə hər hansı xarici projelər ölkəyə idxal olunanda millət ordu kimi təşkilatlanır, dövlətin başında dayanan şəxsə maksimum səviyyədə dəstəyini verir.

Bu mövzuda fikirlərini bizimlə bölüşən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Ayaz Salayevin “Yeni Müsavat”a bildirdiyinə görə, vaxtilə yaxşı və pis millətlər müzakirəsi gedirdi. “Vaxt vardı ki, hansısa millət guya yaxşıdır, biz isə eləyik - beləyik və sair. Halbuki, bu fikirləri qəbul etmirdim. Bəli, bizdə vətənpərvərlik hissləri güclüdür, xalqı bu hiss birləşdirə bilir, amma bunun adına millətçilik demək olmaz. Vətənpərvərlik millətçilikdən ayrılır. Sadəcə, nə yaxşı bizdə kommunist, solçu ideyalar geniş yayılmayıb. Ruslardan fərqli olaraq, azərbaycanlılarda varlılara paxıllıq olmayıb” - deyə, A.Salayev bildirib.

Rejissorun fikrincə, hazırda Qərbin ideyaları da ənənəvi Avropa təfəkküründən qopmaqdadır. A.Salayev hesab edir ki, azərbaycanlılar həmin cərəyanları özünə yaxın buraxmır, amma mədəniyyətdə və gənclər sektorunda iş davam edir: “Qərbin bugünkü ideyalarının adını tapmaq lazımdır. Çünki son vaxtlar Avropa dəyərləri kökündən dəyişib. Qərbin ənənəvi təfəkkürünün, Avropa mədəniyyətinin yaratdığı təfəkkür tamamilə dəyişib. İndi başqa dünyadır və məni kimi Avropanı sevən adamın Qərblə bağlı fikirləri artıq dəyişməkdədir. Ona görə ki bu günün Avropa dəyərlərini qəbul etmək istəmirəm”.

A.Salayevin sözlərinə görə, həmin ideologiyaları bizi millət kimi zəiflətmək məqsədi daşıyır: “Bura pasifizm, feminizm, LGTB mövzuları daxildir. Elə müharibə getdiyi vaxtlarda tez-tez pasifist çağırışları yada salaq. Pasifizm odur ki, müqavimət göstərmirsən və yavaş-yavaş məhv olursan. Dünyada əksəriyyət istəyərdi ki, müharibə olmasın, Azərbaycan Qarabağdakı vəziyyətlə barışsın. Avropanın işi xalqı və hökuməti işğalla barışdırmaq niyyəti idi. Amma alınmadı. Ona görə Vətən müharibəsi son dərəcədə böyük hadisə idi. İlk növbədə başqa ölkələr bir yana, özümüz haqda təsəvvürlərimiz dəyişdi. Artıq bu milləti hansısa barışığa sürükləmək, təslimiyyətə razılaşdırmaq öz işinə getdi. Sözsüz ki, həmin xarici ideologiyalar dediyimiz incəsənət, mədəniyyət, cavanlar arasında bir hərəkat kimi davam edəcək. Əslində isə ənənəvi Avropa təfəkkürü müqavimət göstərməkdir. Məsələn, ”Hamlet" vəziyyətlə barışmır. Düzdür, məhv olur, amma barışmır. Bizə vəziyyətlə barışmağı təlqin edirdilər. Amma bu qələbə və Qarabağ bir simvol oldu".

Həmsöhbətimiz torpağın səsinin hər hansı ideyalardan yüksək olduğunu düşünür: “Hətta torpağın səsi ölüm qorxusundan da yüksək oldu. Ona görə bu günün şəhidləri tam fərqlidir. Tamamilə başqa şəhidlikdir. Məsələn, 20 Yanvar şəhidlərindən fərqlənir. O səbəbdən hər şey dəyişməlidir. Əgər mədəniyyəti dəyişdirən təfəkkür dəyişibsə, mədəniyyət də dəyişməli olacaq”.

Kinorejissor deyir ki, müharibədə qələbə xalqın dünya tarixində mövqeyini dəyişdi: “Yadınızdadırsa, müharibə gedən günlərdə suriyalı muzdlular mövzusunu ortalığa atmışdılar. Bu cəfəngiyyat ona görə idi ki, guya millət döyüşə bilmir, yerimizə döyüşməyə gələnlər var. Amma başa düşmürdülər ki, muzdlular heç vaxt müharibəni uda bilməz. Bu müharibə tarixi bir millət olduğumuzu göstərdi. Xalqlar iki cür olur - aparan və aparılan. Biz aparan xalq olduq. Dünya tarixini formalaşdıran xalqa çevrildik. Bundan sonra yük mədəniyyətin, incəsənətin üzərinə düşür”.
“Yeni Müsavat”

Geri qayıt