Azərbaycanda yerli kino sənayesi iflic vəziyyətdədir - Asif Rüstəmov
Tarix: 14-06-2023, 11:12 | Çap et
DİA.AZ kinorejissor Asif Rüstəmovun APA-ya müsahibəsini təqdim edir:
– Asif bəy, sizin imzanız olan filmlərdə diqqətimi çəkən bir məqam var, istəyirəm, oradan başlayım. “Nar bağı”nda ssenaristlərdən birisiniz, “Axınla aşağı” və “Mərmər soyuğu”nda isə rejissor. Hər üç filmdə ata motivi, atanının dominantlığı var. Bu nədən irəli gəlir?
– Bu mənim üçün də maraqlıdır (gülür). Doğru vurğuladınız ki, o filmlərdə ata motivi qabarıqdır. Ola bilsin, bu şəxsi travmadan irəli gəlir.
– Yəni bunun şəxsi travma olduğunu istisna etmirsiniz?
– Yox, istisna etmirəm. Dediyiniz məsələ gözəçarpan dərəcədədir, bunu inkar etmək mümkün deyil. Ondan başqa, Əli İsa Cabbarovun 2018-ci ildə çəkdiyi “Düyün” filminin ssenarisi də mənim idi və orada da bəhs etdiyimiz məsələ və mövzu var. Mən bunu sizə sensasiyalı başlıq adına demirəm, əgər söhbət ciddi yanaşma və təhlildən gedirsə, bəli, burada şəxsi travma var. Amma onu deyim ki, hazırda yeni bir ssenari üzərində işləyirəm, orada bu mövzu yoxdur.
– Yaxşı, siz məqsədli formada bu dəfə o mövzudan qaçmısınız, yoxsa sadəcə belə alınıb?
– Yox, məqsədli deyil. Mən bu ssenari üzərində daha öncədən işləyirəm. Hətta “Mərmər soyuğu”ndan daha əvvəl, haradasa, on il əvvəlin ssenarisidir. Sonra qaldı kənarda və bu günə qədər ləngidi.
– Hazırkı ssenarini necə, tək işləyirsiniz?
– Yox, yenə də Roelof Jan Minneboo ilə birlikdə işləyirik. Onunla artıq üç ssenari işləmişik, bu dördüncüdür.
– Roelofa tanışlıq haradan gəlir?
– Festivallar, ümumi dostlar və başqa.
– Deməli, festivala çıxmağın bu yönü də yaxşıdır.
– Əlbəttə, çox yönü yaxşıdır. Vacibdir. Bilirsiniz, kino böyük bir sahədir. Dünya kinosu deyilən termin var ki, biz ondan çox kənarda bir ölkəyik. Ona görə də bizim həmin o dünya kinosuna çıxmağımız mütləqdir. Bu da, ilk növbədə, festivallar vasitəsilə olur. Filmlərə evdə bax, yaxud kinoteatrda bax və sair, bütün bu proseslər filmi dünya kinosuna inteqrasiya etmir. Bu səbəbdən, fikir mübadilələri aparmaq və digər bu səpkidə olan anlayışlar üçün festivallar vacibdir. Məsələn, bəzən festivallarda çox yaxşı film olur, amma heç bir mükafat ala bilmir. Deməli, onun Azərbaycana gəlib çıxmaq şansı yoxdur. Yəni sən sırf Azərbaycanda yaşayırsansa, o filmi heç vaxt görməyəcəksən. O baxımdan, festival imkan verir ki, həm trend, həm trenddən kənar işlərlə eyni ortamda olasan, həmin yaradıcı şəxslərlə fikir mübadiləsi aparasan və s. Bir növ, festival bazardır, bazara getmədən necə alver edə bilərsən?
– Asif bəy, festivallardan və oradakı müəyyən fikir mübadilələrindən danışdıq. Mənə maraqlıdır, məsələn, bu gün İran filmi dedikdə istər-istəməz tamaşaçıda müəyyən fikir formalaşır. Bəs Azərbaycan filmi ilə bağlı vəziyyət nə yerdədir? Azərbaycan filmi dedikdə hansısa bir təsəvvür formalaşırmı?
– Yox. Ümumilikdə, deyim ki, vaxt olaraq çox gecdir. Biz çox vaxt itirmişik, gecikmişik. Nəticə etibarilə, o fikrin formalaşması üçün də gecikmişik və hazırda Azərbaycan filmi üçün hansısa bir fikir də formalaşmayıb. Yəni ümumilikdə ölkədə kino sənayesi ilə bağlı vəziyyəti özünüz də görürsünüz. Hər şey ortadadır. Bu qədər az film istehsal edilməsi, nəsil dəyişikliyinin bu qədər gec baş verməsi və digər məsələlər prosesin gecikməsində rol oynayır. Mənə bəzən gənc rejissor deyirlər, təsəvvür edin (gülür). Festivallarda iştirak zamanı başqa ölkələr üçün görürəm ki, hər il tamam başqa gənc bir nəsil, komanda gəlir. Növbəti il yenə də eynilə. Davamlı yeni sima görürəm. Uzağa getməyək, məsələn, qonşu Gürcüstandan hər il dörd-beş yeni sima görürəm. Azərbaycanda belə bir dəyişiklik olmur. Ya sən təksən, ya da ki, ən yaxşı halda, Azərbaycanda kifayət qədər tanınan biri olacaq. Yeni nəsildən kimisə görmək çətin məsələdir. Bizdə, dediyim kimi, nəsil dəyişməsi çox gec baş verir.
– Hilal Baydarov...
– Hilal Baydarov on ildir, film çəkir. O heç də gənc rejissor deyil. Hər il yeni, diqqətəlayiq rejissor meydana çıxmalıdır. Hilaldan sonra yeni simalar olmalı idi, hər il, heç olmasa, iki-üç diqqət cəlb edən rejissor meydana çıxmalıdır.
– Gürcüstanın hər il yeni nəsil rejissorlarla iştirakını misal çəkdiniz. Siz festivallarda tez-tez olursunuz, ən azından, ümumi təəssürat olaraq, onlar buna necə nail olur?
– Dediklərimizin festivalla heç bir əlaqəsi yoxdur. Bu şeylər yerli kino sənayesi ilə bağlıdır və Azərbaycanda yerli kino sənayesi iflic vəziyyətdədir. Və hələ ki yaxşı şeylərin olacağı gözlənilmir.
– Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) yaradılması kömək edəcək, deyirlər.
– Teokratik olaraq, hə, çox kömək edə bilər. ARKA-nın nizamnaməsi, iddiaları və digər bu kimi məsələlər vacibdir. Ümumiyyətlə, Film Fondunun yaradılması, filmlərin maliyyələşməsinin dövlətin birbaşa nəzarətindən çıxması və dolayı nəzarətin tətbiqi çox vacibdir. Amma “Bütün bunlar nə vaxt reallaşacaq?”, “ARKA necə işləyəcək?” kimi suallara zamanla cavab tapa bilərik.
– Asif bəy, bu məsələ hər zaman müzakirə mövzusudur ki, dövlət, bir növ, kinonun üzərindən əlini götürməlidir. Fikrinizdən belə tutdum ki, siz də bunu dəstəkləyirsiniz.
– Siz dövlətin əlini götürməsi dedikdə nəyi nəzərdə tutursunuz?
– Konkret olaraq, dövlət niyə film sifariş etməlidir ki?
– Dövlətin film sifariş etməsinə mən neqativ yanaşmıram, dövlət hər hansısa mövzularda filmə ehtiyac duya və sifariş edə bilər. Bu normaldır. Dövlətin filmə maliyyə ayırması da normaldır. Sadəcə istehsal prosesinə nəzarət etməməlidir.
– Sizin özəl prodakşınlarla da işiniz olub. Fərq çoxdur?
– Yox, mən buna prinsipial yanaşmıram. Fərq yaradıcı azadlıqda ola bilər, o da cüzi. Bu sistemin içində də nəsə yaratmaq olar. Yaradıcı proses elədir ki, elə bil uçuşdur və kimsə ayağından dartır. Bu olmamalıdır. Amma bizdə əsas problem bu deyil, əsas problem maliyyələşmənin az olması, film istehsalının azlığıdır, hansı ki son illərdə ümumiyyətlə yoxdur. Əslində, problemlər çoxdur və bunlar hamısı 20-30 ildir, həll olunmayan problemlərdir. Birdən-birə sayıb qurtarmaq da olmur. Danışsaq, problemlər qeybətə gedib çıxacaq səviyyədə çoxdur.
– Azərbaycan “Evromaj”ın (“Eurimages”) üzvü deyil, belə görünür, maraqlı da deyil. Amma dünya ölkələri, qonşu dövlətlərdə bu praktika var.
– “Evromaj”a üzv olmaqla heç də dünya dəyişmir.
– Ən azından, bir addımdır.
– Bəli, addımdır, amma addımdan başqa bir şey deyil. “Evromaj”ın illik hesabatı olur. Məsələn, deyirsiniz, qonşu ölkələr, tutaq ki, Ermənistan oraya üzvdür. Siz gedin o hesabata baxın, görün Ermənistana nə qədər vəsait ayrılıb? Çox cüzi bir məbləğdir. Adətən, gənclər düşünür ki, ora üzv olmaqla nələrsə dəyişəcək. Mən bayaq da dedim. Mövcud sistemin özündə belə nələrəsə nail olmaq olar. O ki qaldı “Evromaj”a, üzvlük olar, lazımlı addımdır, birgə istehsala imkan verən bir prosesdir. Hansı ki beynəlxalq fondlara biz fərdi müraciət edə bilmirik, amma üzvlüklə buna nail olmaq olar. Avropa şirkətləri var ki, biz onlarla işləyə bilmirik, çünki birgə layihələr üçün hər iki tərəfin üzvlüyü vacibdir. Amma, dediyim kimi, bu problemi həll edəcək bir şey deyil. Bu sadəcə atılacaq yüzlərlə addımdan biridir. Yəni gərəkli olsa da, dərdimizi həll edəsi deyil.
– Asif bəy, bir rejissor kimi Azərbaycan filminin bu gününə dron baxışı keçirək və 5 təklif verək ki, nəyisə dəyişmək mümkün olsun.
– Bilirsiniz, mən sizə 5 addım deyə bilərəm. Siz sabah başqa birindən müsahibə götürəcəksiniz, o da başqa 5 təklif verə bilər. Nəticə etibarilə, mənim deyəcəyim məsələlər subyektivdir. O təkliflər mənim intellektimə, müşahidəmə dayanır. Ola bilər, mən bu sahədə o dərəcədə yaxşı mütəxəssis deyiləm. Normalda 5 addım yox, bir addım lazımdır: kino sahəsində ciddi araşdırma və onun ardıcıl aparılması proqramı. Hazırda bizdə kino sahəsində heç bir araşdırma yoxdur. Son on ildə bir dənə sosioloji araşdırma görmüşəm: Toğrul Vəliyevin araşdırması. Bu araşdırma Azərbaycanda son bir ildə olan kinoprokatlardakı statistik vəziyyəti özündə əks etdirirdi. Ekranların sayı, tamaşaçıların sayı. O, bunu könüllü etmişdi. Mənim gördüyüm yeganə araşdırma bu olub. Bilirsiniz, biz tamaşaçını tanımırıq. Kimdir tamaşaçı, bilmirik. Niyə gəlir, neçə yaşı var, ailəlidirmi, uşaqları varmı, kinoya baxmağa hansı günlər gəlir, ayda neçə dəfə gəlir, gəlməyənlər niyə gəlmir və s. Tamaşaçının bizdə bir portreti var. Ondan qırağa çıxılmır. Məsələn, deyirlər, kinoteatrların sayı azdır. Sumqayıtda iki kinoteatr var, amma boşdur. Orada 20 kinoteatr olsa, nə dəyişəcək ki? İki kinoteatr dolmursa, 20-si nəyi dəyişəcək? O iki kinoteatr niyə dolmur, bu araşdırılmalıdır. Biletin qiymətinə görədirmi, proqrama görəmi, ya başqa nəyə görə? Bu araşdırılmalıdır. Ciddi analitik informasiyaya ehtiyac var – tamaşaçını tanımaq üçün. Bunu normalda dövlət, yaxud da təşkilat etməlidir, qrant ayırmalıdır. Sifariş verməlidir, onlar da bu araşdırmanı həyata keçirməlidirlər. Belə olan halda, bir növ, situasiyanın bütöv bir mozaikası yaranır. Bunun əsasında isə yeni proqram hazırlanmalıdır. Yəni bu proses olmadan hər hansısa bir təklifi vermək sadəcə boşboğazlıqdır, eləcə də mənim deyəcəyim də. “ARKA yaransın, yaxşı olacaq” deyirdiniz bayaq. Yaxşı olmayacaq. Tutaq ki, yarandı, orada da bir nəfər oturacaq, məsələn, adı olsun Məmməd. Həmin Məmməd deyəcək ki, bu belə olmasın. Vəssalam. Mənim təklifim nəyə yaradı ki? Heç nəyə. Yəni bu cür təkliflər həvəskar yanaşmadan başqa bir şey deyil. Dediyim kimi, ciddi bir iş görülməli, yol xəritəsi hazırlanmalıdır. Bunu da heç kəs etmir, mənə elə gəlir, etmək fikri də yoxdur.
– Sumqayıt üzərindən misal çəkdiniz. Bölgələrdəki kinoteatr məsələsinə toxunmaq istəyirəm. Deyirsiniz, zallar boş olur. Məsələn, son illərdə ağlımda olan bircə Taleh Yüzbəyovun “Zəhər tuluğu” idi ki, öz təşəbbüsləri ilə bölgələri gəzdilər və görünən o oldu ki, zalların hamısı doldu. Yaxşı, bəs o adamlar kim idi?
– Zal neçə gün doldu? 365 gün?
– Yox, təbii ki.
– Ay sağ ol, kinoteatr 365 gün işləyir. Bir filmlə bir dəfə, bir gün işləmir. Kinoteatrda uğursuz film də olur, uğurlu da. Amma bu sistem mürəkkəb bir sistemdir. Bir nəfər gedib Yevlaxda kino göstərib 3000 manat qazanıb deyirsə ki, gəlin Yevlaxda kinoteatr açaq, bu gülüncdür. Sizin pulunuz olsa, siz belə etməzsiniz. Bu avantüradır. Dövlətin puludur deyə, hamı deyir ki, hə, açılsın. Amma baxaq dünyaya: dünyada kinoteatrlar bağlanır. Striminq platformalar kinoteatrların bazarını öldürür. Ekspertlərin də rəyi budur ki, yavaş-yavaş “Netflix”, HBO kimi platformalar kinoteatrları sıxışdırıb aradan çıxaracaq.
– Aydındır. Biz o qədər kino problemlərindən danışdıq ki, bayaqkı sualdan bir qədər uzaqlaşdıq, ona görə mən yenidən oraya – sizin davamlı ata mövzusuna müraciətinizə qayıtmaq istəyirəm. Bu mövzu dünya kinosunda da kifayət qədər çox işlənib. Maraqlıdır, siz özünüz bu mövzu ilə bağlı dünya kinosuna hansısa bir yenilik gətirdiyinizi düşünürsünüzmü?
– Ümumiyyətlə, hər bir filmdə yeni nəsə var. Amma deyim ki, bu filmlər dünya filminə necəsə təsir edib, yox, təbii. Mənə elə gəlir ki, mən özüm hələ öz dəsti-xəttimi axtarıram və hələ ki tapdığımı deyə bilmərəm.
– Asif bəy, bizdə son illərdə pitçinq sistemi formalaşdırıldı və kifayət qədər aktuallıq qazandı. Amma sizin “Mərmər soyuğu” filminiz pitçinqdə iştirak etmədən çəkilmək şansı qazandı.
– Mədəniyyət Nazirliyinin çəkdiyi heç bir film pitçinqdə iştirak etmir.
– Bunun əsaslı bir səbəbi var?
– Çünki dövlət istehsalı belə qurulub. İndiyə kimi, son 30 ildə, demək olar ki, bütün filmlər pitçinqsiz çəkilib, o cümlədən mənim filmim də. Səhv eləmirəmsə, dövlət sifarişli qısametrajlı filmlərlə bağlı bir dəfə pitçinq olub, qalan heç vaxt.
– Yaxşı, bəs siz danışdığımız bu gedişatın lehinəsiniz, ya əleyhinə?
– Mən bayaq da dedim, yenə də təkrar edirəm: bu sistemin özündə belə nəsə etmək olar, nəsə çəkmək olar. Pitçinqdə də həmçinin. Düzü, bu məsələ məni narahat eləmir. Düşünmürəm ki, pitçinq olsa, hər şey ədalətli olacaq, yox. İlk dəfə mən 2003-cü ildə pitçinqdə iştirak etmişəm, ondan sonra bu 20 il ərzində onlarla pitçinqə qatılmışam. Onu deyim ki, çox mənasız bir sistemdir. Digər seçimlərdən o qədər də fərqlənmir, olduqca xaotik bir prosesdir. Eyni zamanda, bu, teatrallaşdırılmış bir prosesdir. Sıradan biri qalib gələ, çox istedadlı bir rejissor isə uduza bilər. Pitçinqin ümumiyyətlə kinoya aidiyyəti yoxdur. Seçki sisteminə bənzəyən bir şeydir. Bizim bu sistemə keçməyimiz labüddür, çünki alternativ yoxdur. Amma bu sistemdən ciddi nəsə gözləmək lazım deyil. Təsəvvür edin, Tarkovskidən tələb olunan odur ki, çıxıb öz filmini izah etsin, bəyəndirsin.
– Filmlərin büdcə məsələsi də media və ictimaiyyətdə kifayət qədər müzakirə edilir. Dövlət tərəfindən ayrılan vəsaitin sərfiyyatı necə idarə olunur? Nəzarət hansı formada aparılır?
– Mən dövlət büdcəsi vasitəsilə filmləri iki cür çəkmişəm. Bir dəfə özəl şirkət vasitəsilə – “Ev” filmi – çəkmişdik. Orada proses elə idi ki, yekunda bütün mühasibat sənədləri dövlətə təhvil verildi, nazirlik tərəfindən yoxlanıldı və qəbul edildi. İki dəfə də “Azərbaycanfilm” kinostudiyasında film çəkmişəm. Orada uğurlu mühasibatlıq sistemi var. Həm kinostudiyanın, həm də nazirliyin mühasibatları tərəfindən təhvil-təslim prosesi aparılır. Və bildiyim qədəri ilə, hər il iki-üç dövlət orqanı tərəfindən kinostudiya yoxlanılır. Bu baxımdan, hər şey şəffafdır.
– Asif bəy, “Mərmər soyuğu”nu iki operatorla işləmisiniz. Maraqlıdır, bir filmdə iki operatorla işləməyin çətin tərəfləri nələrdir və ümumiyyətlə üstünlüyü nədir?
– Çətin tərəfi yoxdur. Ancaq üstünlüyü var. Oqtayla (Operator Oqtay Namazov, – N.P.) biz film əsnasında tanış olmuşuq. Mən operator axtarırdım. Baxdım, işləri maraqlıdır, amma film təcrübəsi yox idi. Ona görə başa düşdüm ki, ona çətin olacaq. Bacarsa belə, psixoloji cəhətdən çətinlik çəkəcəkdi. Adil müəllimlə də (Operator Adil Abbasov, – N.P.) daha öncə işləmişdik – “Ev” və “Arxası qibləyə” filmlərini. Hörmət etdiyim insandır. Onu da dəvət etdim ki, psixoloji olaraq rahat olaq və həm də özünün təcrübəsini bölüşsün. Nəticə etibarilə, kamera arxasında Oqtay dayanırdı. Sözügedən proses mənim üçün problemsiz məsələ idi, onlar üçün ola bilər ki, problem olmuş olsun. Daxili rəqabət, fikir ayrılığı və s. Amma bunların heç biri mənim işimə maneə deyildi.
– İki operatorla işləmək təcrübəsini davam etdirmək fikriniz varmı?
– Açığı, yox. Mən istəyərdim ki, bir operator olsun və peşəkar olsun. Nəhayətində, filmimin dilini bilən, duyan biri olsun.
– Var elə biri? Yəni ən yaxşı deyə biləcəyimiz.
– Bilirsiniz, həmkarlarımız barədə müzakirə aparmağı düzgün hesab etmirəm. İşləmək istədiyim adamlar var, bu da ki, vəziyyətdən asılı olan məsələdir. Əvvəldən planlamaq olmur. Mən filmə başlayanda ola bilər, o adam artıq başqa filmdə işləyəcək.
– Qadın mövzusu, sizin qadınları tanıyıb-tanımamağınız və s. mövzusunda müsahiblərinizdə müəyyən fikirləriniz var. Bir növ, onları tanımamaq baxımından deyirəm. Sanki “Mərmər soyuğu”ndakı baş qadın obrazı da açılmır. Rejissorun diktəsi ilə o obraz günahkar qılafına bürünür.
– Çünki açılmalı deyil. Filmdə olan bütün personajlar açılmalı deyil. Belə bir qayda yoxdur.
– Amma tamaşaçı üçün sual qalır axı. Məsələn, mənim üçün o obrazla bağlı bir neçə sual qaldı.
– Sual qalmalıdır, çünki film barədə düşünməlisiniz. Filmdə dramaturji model var, əhvalat var, baş qəhrəman var, köməkçi var və s. Filmdə obrazların, məhz o obrazın tam açılması üçün kifayət qədər detal var. Bu filmin tərzi budur. Ümumiyyətlə, rejissorun bütün obrazları açmaq kimi bir borcu yoxdur. Məncə, diqqətli tamaşaçı o filmdə çox şeyi görməlidir. Məsələn, “Nar bağı” filminin Estoniya təqdimatında bir tamaşaçı filmdə elə bir detalla personajın, dramaturji hadisələrin fonunu aça bildi ki, biz təəccüb etdik. Dedi ki, mən bunu bu şeyə görə belə başa düşdüm. O tamaşaçı yeganə adam idi ki, filmdə məhz o hissəni, bir növ, o mesajı tutmuşdu. Halbuki biz o mesajı vermək üçün nə qədər çalışmışdıq. Kiminsə filmdə hansısa detalı tutmaması normaldır, hamı eyni dərəcədə diqqətli deyil, hamının eyni dərəcədə təhlil praktikası yoxdur və s.
– Yaxşı bəs qadın mövzusu filmdə sizin üçün çətindirmi?
– Qadın ümumiyyətlə həyatda da mənə çətin gəlir. Sizə asan gəlir?
– Qətiyyən.
– Bəli, qətiyyən. Mənə elə gəlir ki, kişilər də qadınlar üçün o qədər də açıq kitab deyil. Fərqli psixologiyalardır. Qadın psixologiyası məsələsi mənim üçün də çətindir. Məncə, mən, bəli, kifayət qədər qadınları dəqiq tanımıram. Amma bu film çəkməyə mane olacaq qədər deyil.
- Asif bəy, filmlərinizdə aktyor seçimi məsələsindən də danışaq. Obrazlar necə seçilir? Məsələn, son filminizdə aktrisa Natavan Abbaslını obraz kimi kim seçmişdi? Hansı ki mənim çox xoşuma gəlmişdi.
– Amma bayaq dediniz ki, həmin obraz tam açılmayıb.
– Yenə də deyirəm: açılmayıb. Mən aktyor oyunu olaraq nəzərdə tuturam ki, xoşuma gəldi.
– “Mərmər soyuğu”nda ssenarini yazarkən aktyorlardan yalnız Qurban İsmayılovu (“Mərmər soyuğu” filmində baş qəhrəmanlardan biridir, – N.P.) düşünmüşdüm. Elşən Əsgərovu təsadüfən tapdım. Onun yerinə başqa bir aktyor var idi, uyğun gəlmədi. Nəticə etibarilə, çəkilişlərə bir həftə qalmış baş qəhrəmanımın biri üçün aktyorum yox idi. Yəni film artıq dondurulma prosesinə gedirdi. Hamıdan, hər kəsdən soruşdum, nəhayətində “Google”də axtarış verib baxdım.
– Elşən Əsgərovu Emil Quliyevin “İkinci pərdə” filmindən tanımırdınız?
– Görmüşdüm, amma bilirsiniz, çəkiliş vaxtı elə olur ki, gözünün qabağında olana adam belə yaddan çıxır. Təsəvvür edin, mən “Google”də “Gənc Azərbaycan aktyoru” yazıb axtarış verdim. İki-üç adam çıxdı. Biri də Elşən Əsgərov. Şəkillərinə baxdım və dedim ki, yüz faiz budur. Çağırdıq, səhəri gün gəldi, birisi gün də müqavilə imzaladıq. Kastinq olmadı. Mən ümumiyyətlə kastinqdə ssenari oxutdurmuram, ünsiyyət bəs edir. Natavan Abbaslını isə Elvin Aşırov məsləhət gördü. Bizim obrazın ümumi görüntüsü üçün hazırladığımız fotonu görüb dedi ki, belə bir aktrisa var. O da Natavan xanım idi.
Qurban İsmayılov bir az bu aralar çox çəkilir deyə, tamaşaçının gözünü yoracağından bir az qorxurdum, açığı. Yəni təkrarçılıq ola bilərdi. Amma nəticə etibarilə, üçü də, fikrimcə, çox yaxşı oynadılar. Mən bir az həm də ona görə qorxurdum ki, Qurban müəllim oyun baxımından digərlərini kölgədə qoyar. Amma elə olmadı, üçü də ən yüksək səviyyədə oynadı. Bütün festivallarda hər üç aktyorun yüksək peşəkar oyununu qeyd edirlər.
– Məncə, sizin “Axınla aşağı” filminizdə aktyor oyunu barədə eyni şeyləri demək olmur məncə. Məsələn, Mehriban Zəki, fikrimcə, o filmdə bir qədər zəif təəssürat bağışlayır.
– Mehriban xanım super peşəkar aktrisadır. Amma mənim üçün “Axınla aşağı” rejissor olaraq, uğursuz filmdir. İstehsalat prosesi zamanı ümumilikdə yaradıcı prosesə baş vura bilmədim: dava-dalaş, kamera uğurunda çəkişmələr, çəkiliş prosesində müəyyən məsələlər və s. Ona görə də o filmə ciddi iş kimi yanaşa bilmirəm. Orada 20-30 faiz film alınıb. Bu baxımdan, aktyor, operator və digər səpkidə danışmaq istəmirəm. Amma onu deyim ki, filmin ən uğurlu tərəfi Xəyyam Mirzəzadənin musiqisi idi. Həmən filmdə musiqi ən yüksəkdə durur. Bu da Xəyyam müəllimin böyüklüyüdür...
|