Əsas Səhifə > Üst manşet, Güney Press > Ləğv olunmaq sırası AYB-yə çatıb?
Ləğv olunmaq sırası AYB-yə çatıb?Bu gün, 08:40 |
"Tərcümə Mərkəzi Ləvğ olunub. Azərbaycan mədəni həyatında 20-30 ildə belə 8-9 bal gücündə silkələnmə olur. 100-ə yaxın əməkdaş işsiz qalacaq, hadisənin ən xoşagəlməz tərəfi budur. Eyni zamanda, bu da bir həqiqətdir ki, sovetdən qalan, dünya standartlarına cavab verməyən, funksionallığı olmayan, çox pul xərclənib az nəticə əldə edilən bir qurum əvvə-axır ləvğ edilməliydi". "DİA-AZ" bildirir ki, bunu öz açıqlamasında tanınmış yazar Rasim Qaraca qeyd edib. O daha sonra baş verənləri belə şərh edib: "Əgər onun əvəzində yerli ədəbiyyatın tərcüməsi və nəşri üçün xarici naşirlərə dəstək verən Tərcümə Programı yaradılarsa, bu orada işləyən yaradıcı insanlar üçün indikindən daha çox faydalı olar. Və belə olarsa, bunu müstəqillik dövrü ərzində mədəni sahədə həyata keçirilmiş ən böyük islahat saya bilərik. Mədəniyyət Nazirliyinin belə bir Proqramın yaradılması üzərində işlədiyi haqqında söhbətlər var idi, bunun praktik təcəssümü necə olacaq, mənə də maraqlıdır. Ümumən, Sovetlə vidalaşma ağrılı bir prosesdir, bizdə isə az qala mümkünsüzdür. Tərcümə Mərkəzi ləvğ olunmalı olan ən kiçik qurumlardan biri idi. Sovetin alınmaz qalası kimi duran daha böyük qurum Yazıçılar Birliyidir. Tamamən köhnəlmiş, funksionallığı olmayan bir qurumdur. Həm Birlikdə, həm onun qəzet və jurnallarında onlarla insan çalışır, əmək haqqı alır, bu köhnə təşkilatı ləvğ etsən o insanlar işsiz, maaşsız qalacaq. Təşkilatın rəhbəri hörmətli, nüfuzlu adamdır, az qala mədəniyyətin simvoludur. Belə nüfuzlu adamın xatirinə təşkilat hələ də yaşayır, bir fayda gətirmədiyinə göz yumulur. Amma Yazıçılar Birliyinin və onun qəzet-jurnallarının gec-tez ləvğ olunacağı məlmdur. Bəs orada işləyən, ailəsinə çörək aparan insanlar deyəcəksiniz, onlar öz müstəqil qurumlarını, qəzet və jurnallarını yaratmaq məcburiyyətində qalacaq, bazar iqtisadiyyatı qanunları ilə yaşayacaqlar, bütün dünyada olduğu kimi. Ancaq belə qurumların dövlət dotasiyasında oturması prinsipial olaraq ümumi işin xeyrinə deyil. Dotasiyada oturmaq tənbəllik və təkəbbür yaradır, intriqalara meydan açır. Misal üçün, bir Ulduz jurnalına ayrılan pula ən azı 5 müstəqil jurnal çıxartmaq olar, talantlı gənclər çoxdur, onların təşəbbüslərini kimsə dəstəkləmir və bu üzdən də talantları sönüb gedir, əvəzində bir ovuc adam "ədəbiyyat var" görüntüsü yaradır. Amma deyil. Azərbaycan ədəbiyyatı indi ən böhranlı dövrünü yaşayır. İmitasiya var, amma ədəbiyyatın özü yoxdur. Ən başlıcası. ədəbiyyat müsabiqələri yoxdur, ədəbiyyat mükafatları yoxdur, yerli müəllifləri xaricdə təmsil edən ədəbiyyat agentlikləri yox dərəcəsindədir, Azərbaycan yazıçısı beynəlxalq ədəbiyyat festivallarında təmsil olunmur, əsərləri xarici dillərə tərcümə olunmur və s. və i. Müstəqil dövlət olmağımızdan keçən otuz neçə ildə sadəcə yerimizdə saymışıq, ədəbiyyat görüntüsü olub, amma gerçək ədəbiyyat prosesləri olmayıb. təşəbbüslər beşikdəcə boğulub. Tərcümə Mərkəzində işləyənlərə, maaş alanlara keçmiş olsun deyirəm, hər işdə bir xeyir var deyiblər. Ümid edirəm cavabdeh orqanlar onların sosial müdafiəsi qayğısına qalacaq..." Geri qayıt |