Əsas Səhifə > Üst manşet, Güney Press > 2 saylı Bakı Baza Tibb Kollecinin ŞÜBHƏLİ ORTAĞI

2 saylı Bakı Baza Tibb Kollecinin ŞÜBHƏLİ ORTAĞI


Bu gün, 08:15
2 saylı Bakı Baza Tibb Kollecinin ŞÜBHƏLİ ORTAĞI
Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 31 min 100 manat olan tender müsabiqəsinin qalibi “Megastin LN” MMC (VÖEN - 1203616891) olub.
“Megastin LN” MMC 2 nömrəli Bakı Baza Tibb Kollecinin sifarişilə bu quruma tibbi avadanlıqlar satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Megastin LN”in hüquqi ünvanı Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Səfərzadə İsağ Arif oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Megastin LN” MMC tender müsabiqəsinin başlamasından cəmi 3 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Tender müsabiqəsi 2024-cü ilin 9 oktyabr tarixində başlayıb, tenderin qalibi olan “Megastin LN” MMC isə 2024-cü ilin 1 iyul tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, 1 iyul tarixində dövlət qeydiyyatına alınan şirkət bugünə kimi 8 tender müsabiqəsinin qalibi olub.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.
Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqələrində (kimyəvi maddələr, tibbi avadanlıqlar və s.) qalib olması başa düşülən deyil.
“Megastin LN” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Qısa müddətdə ümumi dəyəri 185 min manat olan 8 tenderi udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.
Onu da bildirək ki, “Megastin LN” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, şirkətin qanuni təmsilçisi Səfərzadə İsağ Arif oğlu eyni tarixlərdə fərqli ünvanlarda qeydə alınan daha 2 MMC-yə rəhbər təyin olunub.
Bunlardan biri Xətai rayonu Məzahir Rüstəmov ev 11, m. 14-də qeydiyyata alınan “Şafin RR” MMC (VÖEN – 2008648171), digəri isə Nərimanov rayonu Mustafa Kamal Atatürk ev 35, m. 35-də qeydiyyata alınan “Fosfor RDC” MMC (VÖEN – 1506846651) olub.
Sonda onu da bildirək ki, qeyd olunan ünvanlarda daha əvvəl də çoxsaylı şirkətlər qeydiyyata alınıb və bu şirkətlər də qısa müddətdə çoxsaylı tenderlərdə qalib olublar.

Geri qayıt