Əsas Səhifə > Üst manşet, Güney Press > Bərdə sakininin başına oyun açdılar

Bərdə sakininin başına oyun açdılar


Bu gün, 08:23
Bərdə sakininin başına oyun açdılar
Bərdə rayonu, Piyadalar kənd sakini Əliyev Azay Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Əliyev Azay Hüseyn oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 2014-cü ildə tanışım Əhmədov Ələmdar Möhübbət oğlu “Nihad Kredit İttifaqı” MMC-dən kredit götürdü, mən də ona zamin durdum.

Ələmdar Əhmədov krediti ödəmədiyindən bir müddət onun da, mənim də maaşımdan tutdular. Sonra mən işdən çıxdım, məndən pul tutulmadı.

Təzəlikcə Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinə işə düzəlmişəm, 443 manat maaş alıram. 3-4 aydır maaşımdan yenidən 200 manat məbləğində pul tutulur. Əhmədov Ələmdar Möhübbət oğlu isə 648 manata yaxın pensiya alır, bu şəxsin pensiyasından tutmurlar.

Dəfələrlə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişəm. Deyirlər ki, Əhmədov Ələmdarın rekevizitləri sistemdə görünmür, ona görə də biz o pulu tuta bilmirik.

Ədliyyə Nazirliyinin “qaynar xətt”inə dəfələrlə müraciət etmişəm, teleqram vurmuşam. Heç bir tədbir görülmür”.

P.S “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 8-ci maddəsinə əsasən, icra sənədi üzrə tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və s. gəlirlərinə yönəltmək, o cümlədən borclunun iş yerində vəziyyətini yoxlamaq hüququna malikdirlər. Həmin qanunun 10-cu maddəsinə əsasən, icra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qayda da məsuliyyət daşıyırlar.

Bu halda zamin ondan tutulan pulu kimdən və necə geri ala bilər?

Bunun üçün Mülki Məcəllə “reqres iddia” anlayışını formalaşdırmışdır. “Reqres iddia” öz vəsaiti hesabına başqasının borcunu ödəmiş və ya başqasının əvəzindən zərər ödəmiş şəxs tərəfindən ödədiyi vəsaitin geri tələb edilməsidir. Yəni şəxsin öz əmlak vəziyyətini bərpa etmək hüququ hər zaman qorunur.

Bəs, vətəndaş hansı hallarda “reqres iddia” irəli sürə bilər?

Zamin borclunun ödəməli olduğu borcu onun əvəzindən borcverənə ödəyərsə, o, reqres (geriyə tələb və ya əks tələb) qaydada ödədiyi məbləği borcludan tələb edə bilər.

Bütün bunlardan da göründüyü kimi, vətəndaş Əliyev Azay Hüseyn oğlu öz hüququnu məhkəmə qaydasında əldə edə bilər. Lakin Bərdə Rayon Məhkəməsi nədənsə borclunu kənarda saxlayıb, zaminin maaşından pul tutulması haqda qərar verib ki, bu da ədalətsizlikdir.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsi ilə də əlaqə saxladıq. Əməkdaşımıza bildirildi ki, həqiqətən də Əhmədov Ələmdar Möhübbət oğlunun rekvizitləri sistemdə görünmür.

Hüquqşünas Əkrəm Həsənov isə vurğuladı ki, "rekvizitləri görünmür" demək absurddur: ""Rekvizitləri görünmür" nə deməkdir?! Məhkəmənin qərarı var, icra vərəqəsi var, borclunun orada adı, soyadı və atasının adı tam görünür, ola bilməz ki, görünməsin. İcra məmuru da ondan pul tutmalıdır. Əgər heç kəs heç nə etmirsə, vətəndaş icra məmurunu məhkəməyə verə bilər. Amma icra məmuruna əvvəlcə yazılı şəkildə müraciət olunmalıdır. İcra məmuru da həmin vətəndaşa yazılı cavab verəcək".

Geri qayıt