Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANIN “KAZİNOLAR KRALI” KİMDİR?

AZƏRBAYCANIN “KAZİNOLAR KRALI” KİMDİR?


26-09-2012, 12:14
AZƏRBAYCANIN “KAZİNOLAR KRALI” KİMDİR?

FİKRƏT NURİYEV TURİST BAZALARINDA QUMARXANALAR İŞLƏDİR

DİA.AZ: - Respublika Turizm və Ekskursiyalar Şurasının (RTEŞ) sədri Fikrət Nuriyev Həmkarlar İttifaqının sağlamlıq ocaqlarında və turist bazalarında “kazino” açıb. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, turist bazalarının gecə qonaqları adətən orda qumar oynamağa gəlirlər. Həmçinin məlumatlarda qeyd edilir ki, xüsusilə “Xəzər” və “Dostluq” turist bazalarını Fikrət Nuriyev altını üstünə çevirərək, bu obyektləri şəxsi mülkü kimi idarə edir.

DİA.AZ “azerinews”a istinadən bildirir ki, sözügedən turist bazalarında baş verən özbaşınalıqların həddi bilinmir. Bildirilir ki, Fikrət Nuriyev Respublika Turizm və Ekskursiyalar Şurasının sədri təyin edildikdən sonra sağlamlıq ocaqları və turist bazaları sadəcə olaraq öz funksiyalarını dəyişib. Həmkarlar İttifaqlarına hər ay pul ödəyən işçilərin sağlamlıq və istirahət ocaqları kimi fəaliyyət göstərməli olan bu sahələr daha çox əyləncə mərkəzlərinə çevriliblər.

Məlumatlarda daha sonra qeyd olunur ki, Fikrət Nuriyev Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyevin dəstəyi ilə sözü gedən turist bazalarının ərazisini müxtəlif adamlara icarəyə verir. Bundan əlavə, dövlətin balansında olan bu ərazilərdə özü üçün şəxsi obyektlər inşa edib. Müxtəlif restoranlar, kafelər, maşınlar üçün müxtəlif avtoparklar tikdirən Fikrət Nuriyev bu obyektlərdən də gəlir əldə edə bilir. Təbii ki, əldə olunan gəlirin yarısı Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyevin şəxsi kassasına daxil olur. Əldə olunan gəlirlər isə heç də az deyil. Çünki turist bazalarından yuxarıda qeyd olunduğu kimi əyləncə mərkəzləri fəaliyyət göstərir ki, onların da bəziləri isə böyük qumar məkanlarıdır.

Mənbə son olaraq bildirir ki, Fikrət Nuriyev bütün bu qeyri-qanuni fəaliyyətini Səttar Mehbalıyevə güvənərək həyata keçirir və onun fəaliyyətindən narazılıq edən hər kəsə deyir ki, istədikləri yerə şikayət edə bilərlər.

Qeyd edək ki, Səttar Mehbalıyev və onun ortağı Fikrət Nuriyevin dövlət obyektlərini necə satıb-yediyi və sözü gedən sağlamlıq ocaqlarının və turist bazalarının həyətində inşa etdiyi qeyri-qanuni obyektləri barədə daha ətraflı yazı dərc edəcəyik.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Araşdırmamız davam edir. Bizi izləyin…

Geri qayıt