Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ AD GÜNÜNÜ NİYƏ QEYD ETMİR?

MÜĞƏNNİMİZ AD GÜNÜNÜ NİYƏ QEYD ETMİR?


25-09-2012, 09:26
MÜĞƏNNİMİZ AD GÜNÜNÜ NİYƏ QEYD ETMİR?

PİŞİK GÜNEL BUNU BELƏ İZAH ETDİ…

Bu gün tanınmış estrada ulduzu Günel Ələkbərova özünün növbəti doğum gününü qeyd edir. Gecə ilə əməkdaşımızdan təbrik zəngini qəbul edən müğənni, aldığı hədiyyə və təbriklərdən danışdı:

“Baxmayaraq ki, gecə 00:00-dan çox az vaxt keçib, artıq telefonum mesajlarla yüklənib. Əzizlərim, doğmalarım, sənət dostlarımın yazdıqları təbriklər sırasına fanatlarım da qoşulurlar. Yəqin ki, səhər saatlarına qədər yatmayıb, onlara cavab yazmağa çalışacağam. Hədiyyələrə gəlincə, bunu da heç bir ay deyil özüm-özümə etdim.

Söhbət yeni aldığım avtomobildən gedir. Doğum günümü qeyd etməyimə gəlincə, ilk əvvəl özəl məclis təşkil etməyi planlaşdırsam da, son anda fikrimdən daşındım. İlboyu həmkarlarımın, dostlarımın əksəriyyətinin xeyir məclislərində iştirak etsəm də, öz günümdə onları xərcə salmaq istəmədim”.

Müğənninin yaddaşını təzələdik ki, o, hər il ad günlərində dostlarından çox dəyərli hədiyyələr də alır. Görəsən, ənənə bu il də davam edəcək? Qiymətli zinət əşyaları vurğunu olan Günel, deyəsən, sualımızdan yayınmağın yolunu tapmadı və danışdı:

“Hə, mən heç vaxt özümə göstərilən diqqəti ikinci plana keçirmirəm. Və yalnız tanıdığım insanlardan hədiyyələr qəbul edirəm. Gecənin bu vədəsində hələ ki, heç kim barmağıma üzük taxmayıb, amma səhər çox sürprizlər baş verə bilər (gülür). Dediyim kimi, vacib olan diqqət və hörmətdir.

Min şükür mən də bütünlüklə bu sevgi ilə əhatə olunmuşam. Həyatda mənə görə ən dəyərli hədiyyə anamın varlığıdır. Onunla nəfəs alıram. Çox şükür ki, illər keçsə də, onun nəfəsi, xeyir-duası üzərimdən əksik olmur. Anamın timsalında bütün analara Allah-Təaladan can sağlığı arzulayıram”. \ milli.az \

Geri qayıt