Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞDAMDA TÜRMƏ REJİMİ YARADILIB

AĞDAMDA TÜRMƏ REJİMİ YARADILIB


25-09-2012, 09:19
AĞDAMDA TÜRMƏ REJİMİ YARADILIB

İCRA BAŞÇISINDAN MEHRİBAN ƏLİYEVAYA ŞİKAYƏT OLUNDU

Polislər tərəfindən döyülən məcburi köçkün: «Əgər ev lazımsız şeydirsə, onda Nizami Sadıqov icra başçısı təyin olunan kimi niyə özünə villa tikdirdi?»

DİA.AZ: - Redaksiyamıza müraciət edən Ağdam rayonundan olan məcburi köçkün Abbasova Rəfiqə Salman qızı onun və ailəsinin başına açılan müsibətlə bağlı yaşananları qəzetimiz vasitəsi ilə ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya çatdırmağı xahiş edir.

Məcburi köçkün şikayət ərizəsində qeyd edir ki, bir qadın kimi ailəni idarə etmək onun öhdəsinə düşüb və hazırda həyat yoldaşının olmaması səbəbindən bütün problemlərə tək sinə gəlmək məcburiyyətindədir:

”Cənab Prezident! Bizim ailə Ağdam rayonunun Gülablı kəndindən qaçqın düşüb. Hazırda himayəmdə olan 5 uşaq və bir nəvəmlə dözülməz vəziyyətdə yaşayırıq. Əvvəllər Quzanlı qəsəbəsində olan mədəniyyət evində məskunlaşmışdıq. Sonra bizə bildirdilər ki, həmin yerdə muzey düzəldilməsi üçün təmir aparılmalıdır. Bizi oradan çıxartdılar, lakin heç bir yaşayış yeri ilə təmin etmədilər. Nəticədə 7 nəfərlə küçədə yaşamağa məcbur olduq. Ancaq bizimlə birgə mədəniyyət evində məskunlaşan digər ailəni dərhal mənzillə təmin etdilər”.

Şikayətçi bildirir ki, məcburi köçkünlərə göstərilən qayğı və diqqət göz qabağında ola da, ayrılan dövlət vəsaiti hesabına qaçqınlar üçün salınan şəhərciklərdəki mənzillərin paylanmasında şəffaflıq yoxdur: «Yerli məmurlar bu prosesi bir biznes vasitəsinə çeviriblər. İllərdən bəri etdiyim müraciətlərə baxmayaraq, mənzilə ən zəruri ehtiyacı olan bir ailə kimi biz mənzillə təmin olunmuruq. Yeni mənzillər yerli məmurların köməyi ilə, müxtəlif yerlərdə evləri olan qohum-əqrabalarına paylanır. Dəfələrlə Ağdam rayonunun icra başçısı Nizami Sadıqovun qəbulunda olmuşam. O əvvəllər türmə rəisi işlədiyi üçün insanlarla dustaq kimi rəftar edir. Onun qəbulunda olanda deyir ki, “torpağı atıb niyə qaçıb gəlirdiniz ? İndidə qapı-qapı düşüb ev istəyirsiniz”. Əgər ev lazımsız şeydirsə, onda niyə Nizami Sadıqov Ağdama icra başçısı təyin olunan kimi özünə villa tikdirdi? Mən istərdim ki, onun yaşadığı şəraitlə mənimki müqaisə edisin. Hazırda biz Bakıda ümumi sahəsi 16 kvadrat metr olan bir mənzildə kirayə yaşayırıq. İnanın ki, yer olmadığı üçün növbə ilə yatırıq. Bir sözlə, vəziyyətimiz olduqca acınacaqlıdır».

Məcburi köçkün yazır ki, hazırda qaçqın şəhərciklərində 100-lərlə boş evlər göstərə bilərəm: «Artıq qorxumdan icra başçısına şikayət edə bilmirəm. Binada olan polislər məni təhqir edir, hətta əl də qaldırırlar. Mənə xəbərdarlıq edilib ki, bir də şikayətə gəlsən, səni həbs etdirəcəyik. Axı, mən öz haqqımı tələb edirəm. Təzə mənzil verə bilməsələr də heç olmasa rayon ərazisinin bir yerində bizi məskunlaşdırsınlar. Görün, özbaşınalıq nə həddə çatıb ki, hətta Gulablı kəndinin icra nümayəndəsi Elmir də bizi eşitmək istəmir. Ağzını acan kimi məni təhqir edir, deyir get kimə istəyirsən, şikayət et. Evlərin paylanmasında çox ciddi yeyintilər mövcuddur. Bildiyim bütün faktları hüquq-mühafizə orqanlarına deyə bilərəm. Bu üsulla külli miqdarda pullar mənimsənilir. Əminəm ki, bütün belə neqtiv hallar Sizdən gizlədilir».

Sonda şikayətçi prezident İlham Əliyedən və Heydər Əliyev ondunun prezidenti Mehriban Əliyevadan xahiş edib ki, ailələrinin paytaxt küçələrində evsiz-eşiksiz qalmasına imkan verməindər: «Sizdən çox xahiş edirəm, Nizami Sadıqova göstəriş verəsiniz ki, məni təhqir etməsin, problemimin həllinə köməklik göstərsin. Əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm”.

Yazıda adları hallanan şəxslərin də münasibətini dərc etməyə hazırıq.

Geri qayıt