Əsas Səhifə > Cəmiyyət > QARABAĞ QAZİLƏRİ PKK-YA QARŞI DÖYÜŞƏCƏK

QARABAĞ QAZİLƏRİ PKK-YA QARŞI DÖYÜŞƏCƏK


1-11-2011, 13:18
QARABAĞ QAZİLƏRİ PKK-YA QARŞI DÖYÜŞƏCƏK

ARTIQ BU NİYYƏTLƏ TÜRKİYƏYƏ RƏSMİ MÜRACİƏT HAZIRLANIR

“Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra düşünürdük ki, PKK-çılar bu arada dinc oturacaqlar. Belə düşünməyimizin bir səbəbi də o idi ki, zəlzələdən ən çox zərər çəkən Van şəhəri oldu. Orada isə kürd əsilli Türkiyə vətəndaşları çoxluq təşkil edir. Ancaq hadisələrin gedişi onu göstərdi ki, PKK-çılar kürdlərin də düşmənidirlər”.

Bu fikirləri Modern.az saytına Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədri, I Qarabag müharibəsinin iştirakçısı Füzuli Rzaquliyev bildirib.

O, qeyd edib ki, PKK-nın Türkiyədə terroru genişləndirməsi qardaş ölkənin ictimaiyyəti kimi, Azərbaycan cəmiyyətini də hiddətləndirib.

Bir müddət öncə saytımıza danışan Füzuli Rzaquliyev Azərbaycanda PKK ilə vuruşmaq üçün könüllülərin toplaşdığını demişdi:
“Döyüşçülər könüllü olaraq Türkiyədə PKK-ya qarşı vuruşmaq istədiklərini bəyan etdilər. Müraciət edənlər o qədər çoxdur ki, deyərdim ki, onlardan bir tabor da təşkil etmək olar. Döyüşçülərin bu istəyi başadüşüləndir. Bu, həm də mənə Çanaqqala, Sarıqamış döyüşlərini xatırlatdı. O döyüşlərdə Azərbaycandan da kifayət qədər vuruşan olub. Təbii ki, döyüşçülərin bu istəyi alqışa layiqdir və qardaşlığın büruzəsidir”.

F. Rzaquliyev yaxın zamanlarda döyüşçülərin PKK ilə vuruşmaq üçün Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edəcəklərini bildirib. O, bu istəklərində israrlı olduqlarını deyib: “Biz hesab edirik ki, Türkiyə həm də azərbaycanlıların, Azərbaycan isə həm də türklərin doğma Vətənidir. Ona görə də bizim üçün həm Azərbaycanın, həm də Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşmək şərəf işidir”-deyə o fikrini tamamlayıb.


Geri qayıt