Əsas Səhifə > Ölkə > CAVİD QURBANOVUN YERİNƏ HAFKANI GƏTİRİRLƏR

CAVİD QURBANOVUN YERİNƏ HAFKANI GƏTİRİRLƏR


17-09-2012, 11:11
CAVİD QURBANOVUN YERİNƏ HAFKANI GƏTİRİRLƏR

ASC ŞEFİ İLƏ TƏHVİL-TƏSLİM APARILIR

Yaxın günlərdə Hafiz Məmmədovun ölkədə yol tikintisinin başına keçəcəyi dəqiqdir

Son günlər mətbuatda “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanovun fəaliyyəti ilə bağlı müxtəlif materiallar dərc olunur. Bildiyiniz kimi bu məlumatların bir qismi, xüsusi ilə sürücüsü Mahir Lənkəraninin ölkədən qaçması ilə bağlı informasiyalar isə “Qafqazinfo” portalı tərəfindən yayılıb və bu xəbər yüksək səviyyədə təsdiqini tapıb. Bundan sonra həmin xəbərlər ölkə mediasında geniş şəkildə təhlil edilərək müxtəlif yanaşmalar dərc olunub. Biz həmin vaxt bildirmişdik ki, C. Qurbanovun həm radikal dindarları maliyyələşdirdiyi bildirilən və bu səbəbdən ölkədən qaçan sürücüsü, həm də özü ilə bağlı kifayət qədər maraqlı məlumatlar daxil olub. Həmin xəbərləri dəqiqləşdirdikcə oxucuların ixtiyarına verəcəyik. Məsələ belədir ki, bu xəbərlərin bir qismi M. Lənkəraninin ölkədən necə qaçması, daha doğrusu qaçırılması haqdadır və həmin informasiyanın yayılması hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyatlarla bağlı olduğu üçün müəyyən qədər dəqiqləşdirmələr və zaman tələb edir. Oxucular bu istiqamətdə şok yaradacaq xəbərlərin şahid olacaqlar.

Lakin bu gün yayacağımız xəbərlər C. Qurbanovun özü ilə bağlıdır. O, bütün ölkədə nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın adamlarından biri kimi tanınansa da, artıq məsələ bu şəkildə deyil. Z. Məmmədovla Cavid Qurbanov arasında ciddi problemlər yaranıb və artıq “Azəryolservis” rəhbərinin işgüzar fəaliyyəti demək olar ki, dondurulub. Bu xəbər redaksiyamıza olduqca yüksək dairədən daxil olub və səhihliyinə heç bir şübhə ola bilməz. Məsələ belədir ki, Z. Məmmədovla Cavid Qurbanov arasında uzun müddətdən bəri davam edən gərginlik bir neçə ay əvvəl pik nöqtəsinə çatıb. Nəqliyyat naziri C. Qurbanovu ona hesabat verməməkdə, həyata keçirilən layihələrlə bağlı ortaqlığın qorunmamasında ittiham edib. Z. Məmmədov eyni zamanda C. Qurbanova iradlarını bildirərək onun eyş-işrətlərinin artıq bütün ölkə boyu yayıldığı haqda xəbərdarlıq edib. Sürücüsü Mahir Lənkərani ilə bağlı olaylar yaşananda isə onların arasında kifayət qədər ciddi mübahisələr yaşanıb. Nəqliyyat naziri C. Qurbanova etimadın bitdiyini çatdırıb və bundan sonra səlahiyyətlərinin əlindən alınacağını deyib. Məhz bu danışıqdan sonra “Azəryolservis”də təhvil-təslim işlərinə başlanılıb və proses hazırda da davam etməkdədir. Əgər oxucuların yadındadırsa C. Qurbanovla bağlı səlahiyyət alınma artıq ikinci dəfədir ki, baş verir. Bu vaxta qədər isə onun paytaxt yollarının çəkilməsi ilə bağlı səlahiyyətlinin böyük bir hissəsi əlindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi. Və bu gün hər kəsə məlumdur ki, paytaxt yollarının təmir-bərpası, eyni zamanda yenidən çəkilməsinə “Azəryolservis”lə yanaşı Bakı meriyası da nəzarət edir.

Məlumata görə, aparılan təhvil-təslim işləri ilə bağlı həm paytaxt küçələrində görülən işlərin, həm də respublika ərazisində çəkilən yollarda aparılan işlərin əksəriyyəti yarımçıq saxlanılıb.

Burada maraqlı məqam isə C. Qurbanovun səlahiyyətlərinin alınaraq Z. Məmmədovun ən yaxın adamı sayılan Hafiz Məmmədova verilməsidir. Məlumdur ki, Hafiz Məmmədov bu gün ölkədə böyük nüfuza malik iş adamıdır və onun fəaliyyət sahəsinə yük daşınmasından tutmuş bir çox sahələr daxildir. H. Məmmədov eyni zamanda, nəqliyyat nazirinin iş ortağıdır. Və bundan sonra Z. Məmmədov onun üzərinə daha bir məsuliyyəti qoymaq niyyətindədir. Məsələnin hüquqi-texniki tərəfinin necə həll ediləcəyi bizə məlum olmasa da, artıq yaxın günlər ərzində Hafiz Məmmədovun ölkədə yol tikintisinin başına keçəcəyi dəqiqdir.

Yuxarıda qeyd etdiyimiz kimi C. Qurbanovun fəaliyyəti ilə bağlı əlimizdə maraqlı xəbərlər var və onun hər birini tam dəqiqləşdirəndən sonra çatdıracağıq.

Qarşı tərəf olaraq “Azəryolservis” rəhbərinin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt