Əsas Səhifə > Gündəm, Manşet > “BİNƏ”NİN ÇÖKÜŞÜNDƏ MÜBHƏM “KARVAN” İZİ

“BİNƏ”NİN ÇÖKÜŞÜNDƏ MÜBHƏM “KARVAN” İZİ


17-09-2012, 09:59
“BİNƏ”NİN ÇÖKÜŞÜNDƏ MÜBHƏM “KARVAN” İZİ

KƏBİRƏ MƏMMƏDOVANI XALQI ZƏHƏRLƏYƏ-ZƏHƏRLƏYƏ BİTİRİRLƏR

DİA.AZ: - Binə Ticarət Mərkəzində zəhərlənənlərin sayı 100-ü keçib. Bu barədə Klinik Tibbi Mərkəzdən məlumat verilib. Mərkəzdən bildirilib ki, ötən gün Binə Ticarət Mərkəzindən xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı 129 nəfər olub. Onların hamısına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, sentyabrın 16-da Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib.

Baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Onu da bildirək ki, neçə gündür ki, «Binə» Ticarət Mərkəzində elektrik enerjisi kəsilir. Doğrudur, Bakıelektrikşəbəkə-dən bunu təkzib edirlər, amma fakt faktlığında qalır. Və bu fakt həm də onu diqtə edir ki, artıq «Binə» TM-nin rəhbəri Kəbirə Məmmədovanın biznesinin sonu çatıb.

Onu da bildirək ki, artıq Kəbirə Məmmədovanın əleyhinə rəsmi mətbuatda da təbliğat kampaniyası aparılmaqdadır. Elə dünən TM-də baş verənləri şərh edən rəsmi mətbuat bu işdə bilmərrə olaraq TM rəhbərliyinin günahkar olduğunu önə sürdü. Hətta Prezident Administrasiyasına bağlılığı şübhə doğurmayan «atv» kanalı konkret şəkildə Kəbirə Məmmədovanı ittiham etdi.

Qeyd edək ki, bəzi mətbu orqanlar Kəbirə Məmmədovanın bitirilməsi qərarını onunla nəqliyyat naziri Ziya Məmmədovun arasında yaranmış konfliktlə əlaqələndirirlər. Amma burada inandırıcılıq payı olduqca azdır. Hər halda, Ziya Məmmədov bu qaydada kimlərəsə meydani oxuyacaq səviyyədə deyil və hər kəsə yaxşı aydındır ki, bu gün kitabları yalnız bir əl bağlamaq iqtidarındadır və Kəbirə Məmmədovanın kitabı da həmin əllərlə qapadılır.

DİA.AZ-a bu barədə danışan mənbə isə maraqlı bir məqama da diqqət ayırdı. Qeyd edək ki, neçə müddətdir «Binə» Ticarət Mərkəzi ilə üz-üzə yeni - «Karvan» ticarət mərkəzi açılıb. Amma «Binə»dəki alver həmin yeni TM-də müşahidə olunmur və hətta iş adamları da dükanlarını «Karvan»a köçürmək istəmirlər. Elə buna görə də mənbəmiz iddia edir ki, «Binə»nin çökərdilməsində «Karvan»ın izi çox ciddi əhəmiyyət kəsb edir.

Hər halda, bütün bunlar hakimiyyətiçi qovğaların təzahürüdür. Amma yenə də əziyyət çəkəni sıravi xalq kütləsidir. Kimlərsə Kəbirə Məmmədovanın biznesini batıra bilərlər. Amma bunun üçün insanlarımızın zəhərlənməsi… daha bu ağ oldu…

Geri qayıt