Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİ BİZNESİNİ QƏBƏLƏDƏN ÇIXARIR

FHN ŞEFİ BİZNESİNİ QƏBƏLƏDƏN ÇIXARIR


16-09-2012, 10:53
FHN ŞEFİ BİZNESİNİ QƏBƏLƏDƏN ÇIXARIR

KƏMALƏDDİN HEYDƏROV RƏSUL QULİYEVİN TALADIĞI FABRİKİ SATIN ALDI

DİA.AZ: - Məlum olduğu kimi, Qəbələnin patronajlığını itirdikdən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərova ölkənin 4-cü ən böyük şəhəri hesab olunan Mingəçevirin açarları təqdim olundu. Amma o da məlumdur ki, Kəmaləddin Heydərov Qəbələ rayonu ərazisində özünə böyük infrastruktur da qoyub. Təsadüfi deyil ki, bu gün Kəmaləddin Heydərovun sevimli brendi olan «Jalə» şirələrinin əsas istehsalçısı olan Qəbəl Konserv Zavodu da adından göründüyü kimi FHN şefinin «itirdiyi» rayonun ərazisində yerləşir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq nazirimiz özünün iqtisadi strukturlarını Qəbələdən köçürmək qərarını verib və artıq adı çəkilən rayondakı bütün obyektlərin daşınması ilə bağlı planlar hazırlanır. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərin görə, FHN şefinə aid Qəbəl Konserv Zavodu Mingəçevir şəhəri ərazisinə köçürüləcək.

Mənbəmizin söylədikləri: «Qəbələ Konserv Zavodu Sovetlər Birliyi zamanında keçmiş postsovet ölkələrində, hətta Şərqi Avropada da məhsulları ilə yaxşı tanınan Mingəçevir Tekstil Fabrikinə köçürüləcək. Həmin fabrikin fəaliyyəti Azrbaycan müstəqil olandan demək olar ki, iflic vəziyyətinə düşüb və hazırda yalnız bir sexinin gücü ilə çalışır. Çinin tekstil sənayesindəki ciddi mövqeyi isə bu fabrikin fəaliyyətinə sonuncu zərbə olub».

Mənbəmiz bildirir ki, bundan əlavə, hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan, keçmiş parlament sədri Rəsul Quliyev də sözügedən fabrikə zərbə vurunlar arasındadır. Belə ki, fabrikə məxsus avadanlıqlar Rəsul Quliyev spiker olduğu dönəmdə onun tərəfindən xarici ölkələrə su qiymətinə satıldı. Bəzi qaynaqlar isə iddia edir ki, əslində avadanlıqlar satılmayıb və Rəsul Quliyev həmin avadanlıqları Türkiyə ərazisinə köçürərək orada özünə yeni fabrik qurub. Hər halda bu məlumatların hansısa formada təsdiqinə rast gəlinməsə də, belə bir xəbərlər də ortalıqda dolaşmaqdadır.

Mənbəmiz onu da bildirdi ki, Kəmaləddin Heydərov «Jalə» şirələrini bundan sonra Mingəçevirdə istehsal edəcək və Mingəçevir Tekstil Fabriki FHN şefinin yaxın adamları tərəfindən bu günlərdə özəlləşdirilib.

Geri qayıt